“AzInTelecom”un kibertəhlükəsizlik strategiyası beynəlxalq standartlara və müasir təhlükəsizlik yanaşmalarına əsaslanır. Şirkətin Təhlükəsizlik Əməliyyatları Mərkəzi (Security Operations Center-SOC) xidməti müştərilərin IT infrastrukturunu real vaxt rejimində izləyir və mümkün kibertəhdidləri operativ şəkildə aşkarlayaraq qarşısını alır.
Bu fikirləri “AzInTelecom”un İctimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Amin Nəzərli “İki Sahil” qəzetinə müsahibəsində söyləyib.
Onun sözlərinə görə, bu monitorinq fasiləsiz aparılır və istənilən şübhəli fəaliyyət dərhal analiz olunur. Nəticədə potensial risklər vaxtında müəyyən edilir və onların təsirinin qarşısı alınır. Bu prosesdə SIEM/SOAR, EDR/XDR kimi müasir təhlükəsizlik texnologiyalarından və “Zero Trust” prinsipindən istifadə olunur. Bu texnologiyalar sistemlərin daha dərindən qorunmasını və təhlükələrin erkən mərhələdə aşkarlanmasını təmin edir. Məqsəd müştərilərin məlumatlarını qorumaq, xidmətlərin fasiləsizliyini təmin etmək və ümumilikdə təhlükəsiz rəqəmsal mühit yaratmaqdır. Bu yanaşma həm dövlət, həm də özəl sektor üçün etibarlı və dayanıqlı IT infrastrukturu təmin edir.
Yaqut Ağaşahqızı, “İki sahil”