Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclası qlobal çağırışlar və enerji bazarının transformasiyası fonunda strateji dialoq üçün mühüm platformadır.
“İki sahil” xəbər verir ki, bu barədə Ukraynanın Bakıdakı səfiri Yuri Qusev sosial şəbəkə hesabında yazıb.
"Enerji çoxdan iqtisadiyyatın hüdudlarından kənara çıxıb, geosiyasət və təhlükəsizlik məsələsinə çevrilib. Marşrutların etibarlılığı, tədarüklərin proqnozlaşdırılan olması və tərəfdaşlar arasında qarşılıqlı etibar Avropanın və dünyanın dayanıqlılığının əsas amillərdir. Məhz buna görə də alternativ qaz marşrutlarının inkişafı və ölkələr arasında əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir", - səfir yazıb.
O, həmçinin qeyd edib ki, Ukrayna diversifikasiya, infrastrukturun inkişafı və enerji bazarlarının inteqrasiyası layihələrinin həyata keçirilməsində etibarlı tərəfdaş olub və olmaqda davam edir: "Təcrübəmiz, coğrafi mövqeyimiz və strateji baxışımız Ukraynanı Avropaya enerji təchizatının sabitliyini və proqnozlaşdırılmasını təmin etmək üzrə birgə səylərimizin ayrılmaz hissəsinə çevirir".
Y.Qusev, əlavə edib ki, Avropanın güclü və şaxələndirilmiş enerji sistemi onun strateji muxtariyyətinin və dayanıqlılığının açarıdır: "Buna görə də bugünkü qərarlar və razılaşmalar təkcə enerji üçün deyil, həm də qitədəki daha geniş təhlükəsizlik arxitekturası üçün mühüm əhəmiyyət kəsb edir".