03 mart 2026 18:08
123

Avropa İttifaqı Azərbaycanla əməkdaşlığı genişləndirməyi planlaşdırır

Avropa İttifaqı Azərbaycanla bərpa olunan enerji, enerji səmərəliliyi və enerji əlaqəliliyi istiqamətlərində əməkdaşlığı genişləndirməyi planlaşdırır.

“İki sahil” xəbər verir ki,  bunu bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 4-cü iclası çərçivəsində keçirilən mətbuat konfransında Avropa İttifaqının energetika və mənzil tikintisi komissarı Dan Yorgensen bildirib.

Komissar qeyd edib ki, Azərbaycan bərpa olunan enerji sahəsində böyük potensiala malikdir və bu istiqamətdə planlaşdırılan genişlənmə Aİ şirkətləri üçün də qarşılıqlı faydalı əməkdaşlıq imkanları yaradır.

Onun sözlərinə görə, enerji səmərəliliyi və Aİ ilə Azərbaycan arasında daha geniş enerji əlaqəliliyinin yaradılması da prioritet istiqamətlərdəndir.

Dan Yorgensen vurğulayıb ki, tərəflər enerji sahəsində yüksək səviyyəli dialoqu davam etdirmək barədə razılığa gəliblər və bu çərçivədə ilin sonunadək Brüsseldə yüksək səviyyəli enerji dialoqu keçiriləcək.

O əlavə edib ki, Bakıda keçirilən görüşlərdə çoxsaylı yüksək səviyyəli nümayəndələrin iştirakı Aİ-Azərbaycan enerji tərəfdaşlığının perspektivlərini və qarşılıqlı etimadı bir daha nümayiş etdirir.