06 mart 2026 00:36
71

Enerji təhlükəsizliyindən yaşıl gələcəyə doğru

Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci və Yaşıl Enerji Məşvərət Şurasının 4-cü iclası Azərbaycanın enerji siyasətində yeni mərhələnin başlanğıcını nümayiş etdirdi. Bu mühüm tədbirdə Prezident İlham Əliyevin çıxışı ölkənin həm regional, həm də qlobal enerji xəritəsində artan rolunu bir daha təsdiqlədi.Prezident çıxışında vurğuladı ki, Azərbaycan hazırda 12 ölkəyə qaz ixrac edir. Bu fakt ölkəmizin etibarlı enerji tərəfdaşı kimi mövqeyini gücləndirməklə yanaşı, Avropanın enerji təhlükəsizliyində də mühüm rol oynadığını göstərir. Xüsusilə Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirilməsi Azərbaycanın strateji əhəmiyyətini daha da artırmışdır.

Dövlət başçısı diqqəti eyni zamanda gələcəyə yönəlmiş enerji siyasətinə çəkdi. Bildirildi ki, 2032-ci ilə qədər alternativ və bərpa olunan enerji mənbələrindən 6–8 giqavat elektrik enerjisi istehsalı planlaşdırılır. Bu isə Azərbaycanın təkcə neft-qaz ölkəsi deyil, həm də “yaşıl enerji” məkanına çevrildiyini göstərir.Bu strategiyanın həyata keçirilməsi regionların inkişafı ilə sıx bağlıdır. Dağlıq Şirvan, Şəki-Zaqatala, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən layihələr ölkənin iqtisadi potensialını artırmaqla yanaşı, azad edilmiş ərazilərin dirçəldilməsinə də xidmət edir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələri “yaşıl enerji zonası” kimi inkişaf etdirilir ki, bu da həm ekoloji, həm də iqtisadi baxımdan mühüm addımdır.Prezident İlham Əliyevin çıxışı göstərdi ki, Azərbaycan balanslaşdırılmış enerji siyasəti yürüdür: bir tərəfdən ənənəvi enerji resursları ilə beynəlxalq bazarda mövqeyini qoruyur, digər tərəfdən isə bərpa olunan enerji sahəsində ciddi addımlar atır.Nəticə etibarilə, Bakı görüşü yalnız enerji məsələlərinin müzakirəsi ilə məhdudlaşmadı, həm də Azərbaycanın gələcək inkişaf strategiyasının aydın konturlarını ortaya qoydu. Bu strategiya isə dayanıqlı inkişaf, enerji təhlükəsizliyi və yaşıl gələcək prinsiplərinə əsaslanir.  

Xəzər dənizinin şərq sahillərindən daha çox neft qəbul etmək üçün Azərbaycan kifayət qədər infrastruktura malikdir. Bu isə gələcəkdə tranzit həcmlərinin artmasına və ölkəmizin qlobal enerji xəritəsində rolunun daha da güclənməsinə şərait yaradır. Azərbaycanın strateji coğrafi mövqeyi və müasir nəqliyyat infrastrukturu onu regionun əsas enerji qovşaqlarından birinə çevirib. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın enerji təhlükəsizliyinə töhfəsi yalnız öz sərhədləri ilə məhdudlaşmır.

Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə Avropanın enerji təminatında mühüm rol oynayan Azərbaycan, eyni zamanda beynəlxalq enerji bazarlarında da fəal iştirak edir. Bu baxımdan Türkiyədə 870 meqavat gücündə olan ən böyük elektrik stansiyalarından birinin əldə edilməsi strateji əhəmiyyət kəsb edir. Bu addım Azərbaycanın regional enerji bazarındakı mövqeyini gücləndirməklə yanaşı, enerji aktivlərinin coğrafiyasını da genişləndirir. Bununla yanaşı, Serbiya ilə 500 meqavat gücündə elektrik stansiyasının inşasına dair müqavilənin imzalanması Azərbaycanın Avropada enerji layihələrində iştirakının yeni mərhələyə keçdiyini göstərir. Bu layihələr təkcə iqtisadi xarakter daşımır, eyni zamanda enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir. Azərbaycan artıq yalnız enerji ixrac edən ölkə deyil, həm də digər dövlətlərin enerji infrastrukturuna sərmayə yatıran strateji tərəfdaşdır. . Tranzit imkanlarının genişləndirilməsi, xarici ölkələrdə enerji aktivlərinin əldə olunması və neftayırma potensialının artırılması ölkəmizin qlobal enerji təhlükəsizliyinə verdiyi töhfənin miqyasını açıq şəkildə nümayiş etdirir. Bu isə Cənab Prezident İlham Əliyevin uzaqgörən və məqsədyönlü enerji siyasətinin parlaq nəticəsidir.

Aynurə Məmmədova,
Xətai rayonu 17 nömrəli tam orta məktəbin müəllimi