Azərbaycan müasir dövrdə təkcə enerji resurslarının hasilatı və ixracı ilə deyil,həm də bu resursların beynəlxalq bazarlara təhlükəsiz və fasiləsiz çatdırılmasını təmin edən etibarlı tranzit mərkəzi kimi tanınır.Bu strateji mövqe ölkəyə mühüm iqtisadi üstünlüklər qazandırmaqla yanaşı,onun beynəlxalq nüfuzunu və geostrateji əhəmiyyətini daha da artırır.Qlobal gündəmdə enerji təhlükəsizliyinin prioritet məsələ kimi ön plana çıxdığı bir dövrdə Azərbaycanın tranzit rolu xüsusi aktuallıq kəsb edir.Bu uğurların əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü enerji siyasəti dayanır.Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan enerji resurslarının müxtəlif istiqamətlər üzrə nəqlini təmin edən əlverişli coğrafi mövqeyə malikdir.Məhz bu üstünlük əsasında reallaşdırılan nəhəng infrastruktur layihələri ölkəmizi regional enerji xəritəsinin mühüm qovşaqlarından birinə çevirmişdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın enerji siyasəti artıq yalnız neft və qaz ixracı ilə məhdudlaşmır.Hazırda bərpa olunan enerji mənbələrinin inkişafı dövlətin əsas strateji prioritetlərindən biri kimi müəyyən edilmişdir.Bu istiqamətdə keçirilən “Bakı Enerji Həftəsi” və “Cənub Qaz Dəhlizi Məşvərət Şurası” çərçivəsində yüksək səviyyəli görüşlər Azərbaycanın “yaşıl texnologiyalar”a keçid əzmini və Avropa İttifaqı ilə enerji əməkdaşlığının yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Azərbaycanın enerji siyasəti sabitlik,etibarlılıq və qarşılıqlı fayda prinsiplərinə əsaslanır.Avropa Komissiyasının təmsilçiləri tərəfindən dəfələrlə vurğulandığı kimi,Azərbaycanın irəli sürdüyü təşəbbüslər qlobal enerji sabitliyinin möhkəmləndirilməsinə mühüm töhfə verir.
Enerji tranziti ölkəyə böyük iqtisadi gəlirlər qazandırmaqla yanaşı,onun siyasi mövqeyini də gücləndirir.Etibarlı tərəfdaş imici həm xarici investorların marağını artırır,həm də dövlətin milli maraqlarının daha effektiv müdafiəsinə şərait yaradır.Beləliklə,Azərbaycan özünün düşünülmüş və uzaqgörən enerji strategiyası ilə regional və qlobal miqyasda etibarlı və məsuliyyətli tərəfdaş mövqeyini daha da möhkəmləndirir.
Ülfət Mustafayeva,
17 nömrəli tam orta məktəb Azərbaycan dili və ədəbiyyat müəllimi