06 mart 2026 14:45
184

”DOST Çağrı Mərkəzi 142” süni intellektlə xidmətini gücləndirir

“DOST Çağrı Mərkəzi 142”-də süni intellekt və avtomatlaşdırılmış cavab sistemlərinin tətbiqi prioritet istiqamətlərdən biridir və bu sahədə fəaliyyət planı mövcuddur. Məqsəd artan müraciət axınını daha effektiv idarə etmək, gözləmə müddətlərini azaltmaq, əməliyyat xərclərini optimallaşdırmaq və vətəndaş məmnuniyyətini yüksəltməkdir. Hazırda süni intellektə əsaslanan IVR sisteminin təkmilləşdirilməsi və sadə, təkrarlanan sualların avtomatik cavablandırılması istiqamətində işlərə başlanılmışdır. Bununla yanaşı, çatbot və virtual assistentlərin tətbiqi ilə 7/24 rejimində daha operativ və əlçatan xidmət modelinin genişləndirilməsi planlaşdırılır. 

Bunu “DOST Çağrı Mərkəzi 142”nin direktoru Bəxtiyar Məmmədov “İki sahil”ə müsahibəsində söyləyib.

O, qeyd edib ki, proaktiv xidmət yanaşmasının tətbiqi – vətəndaş müraciət etməzdən əvvəl ehtiyacların təhlil edilərək qabaqlayıcı tədbirlərin görülməsi, süni intellekt əsaslı proqnozlaşdırma ilə zənglərin saatlıq paylanmasının analiz olunması və işçi resurslarının optimal planlaşdırılması əsas hədəflərdəndir. Təkrarlanan müraciətlərin azaldılması məqsədilə səbəblərin analizi aparılır, ilkin mərhələdə FCR göstəricisindən istifadə edilir, növbəti mərhələdə isə süni intellekt texnologiyaları vasitəsilə bu istiqamətdə sistemli həllərin tətbiqi nəzərdə tutulur. Süni intellektin analitik imkanları sayəsində vətəndaş sorğularında ümumi tendensiyalar müəyyən ediləcək və xidmət keyfiyyətinin davamlı təkmilləşdirilməsi təmin olunacaqdı. 

Yaqut Ağaşahqızı, “İki sahil”