06 mart 2026 01:45
53

Gələcəyə hesablanmış enerji strategiyası

Tarix göstərir ki, enerji məsələsi hər zaman dövlətlərin taleyində mühüm rol oynayıb. Lakin bu gün enerji yalnız iqtisadi resurs deyil. O, sabitliyin təminatıdır, milli təhlükəsizliyin əsas sütunudur və beynəlxalq münasibətlərin mühüm amilidir. Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci iclası bir daha sübut etdi ki, müasir dövrdə ən doğru yol dialoq və əməkdaşlıq yoludur. Prezident İlham Əliyevin çıxışında vurğulanan əsas məqamlardan biri məhz birlik anlayışı idi. Çünki enerji təhlükəsizliyi tək bir ölkənin deyil, tərəfdaş dövlətlərin ortaq məsuliyyətidir. Cənub Qaz Dəhlizi sadəcə enerji layihəsi deyil. Bu siyasi iradənin, qarşılıqlı etimadın və uzunmüddətli strateji baxışın nəticəsidir. Dünya yeni enerji mərhələsinə qədəm qoyur. Ənənəvi enerji resursları ilə yanaşı, bərpa olunan enerji mənbələri artıq qlobal gündəliyin əsas istiqamətlərindən birinə çevrilmişdir.  Yaşıl Enerji Məşvərət Şurasının 4-cü iclası Azərbaycanın bu prosesdə fəal iştirak etdiyini göstərir. Prezident İlham Əliyev çıxışında ölkəmizin yalnız qaz təchizatçısı kimi deyil, eyni zamanda yaşıl enerji istehsalçısı və ixracatçısı kimi də mövqeyini gücləndirdiyini qeyd etmişdir. Dünya yalnız istehsal gücünə deyil, ekoloji məsuliyyətə də qiymət verir.

Xəzərin külək potensialı və günəş enerjisi imkanları Azərbaycanın gələcəyə hesablanmış enerji strategiyasının bariz nümunəsidir. Bu çıxış bir dövlət strategiyasının və milli maraqlara əsaslanan qətiyyətin ifadəsi idi. Enerji siyasətində ən vacib amillərdən biri etibarlılıqdır. Azərbaycan beynəlxalq tərəfdaşları qarşısında götürdüyü öhdəlikləri vaxtında və tam şəkildə yerinə yetirməklə özünü etibarlı tərəfdaş kimi təsdiq etmişdir. Ölkəmiz yalnız enerji istehsalçısı deyil, həm də mühüm tranzit mərkəzidir. Şərq ilə Qərbi birləşdirən coğrafi mövqe düzgün siyasi strategiya ilə birləşərək Azərbaycanın rolunu daha da gücləndirmişdir.

Mühüm mərhələdə enerji siyasəti yalnız təchizat məsələsi deyil, həm də həmrəylik və qarşılıqlı etimad məsələsidir. Dövlətlər arasında qurulan enerji tərəfdaşlığı uzunmüddətli sabitliyin təminatına çevrilir. Azərbaycan enerji siyasətində balanslı və mərhələli inkişaf modelini seçmişdir. Ənənəvi enerji resurslarından əldə olunan gəlirlər yaşıl enerji layihələrinin inkişafına yönəldilir. Enerji bu gün yalnız resurs deyil, sabitliyin təminatıdır. Enerji yalnız iqtisadiyyat deyil, diplomatiyadır. Enerji yalnız bu gün deyil gələcəyin formalaşdırılmasıdır.

Bəzən tarix xalqlara seçim anı yaşadır. Bu seçim anında güclü olan təkcə resurslara sahib olan deyil, resursları strateji baxışla idarə edə biləndir. Enerji əsrində dövlətlərin qüdrəti yalnız yeraltı sərvətlərlə deyil, siyasi iradə ilə ölçülür. Boru kəmərləri xəritədə sadəcə xətlər kimi görünə bilər. Amma əslində onlar dövlətləri birləşdirən iqtisadi arteriyalardır. Qürurla deyə bilərik ki, Azərbaycan təkcə resurslara sahib deyil, eyni zamanda o resursları mükəmməl şəkildə idarə etməyi bacaran, vizyonu görməyi bacaran, strateji baxışları ilə daima seçilən dahi bir liderə cənab İlham Əliyevə sahibdir. Bu gün yekdilliklə onun siyasətini dəstəkləməklə, yumruq halında birləşərək, inkişafımızı daha üst mərtəbələrə qaldıra bilərik.

Arzu Ələkbərova,
YAP Xətai rayon təşkilatının fəalı