“SOCAR Türkiyə” və Orta Doğu Texniki Universitetinin birgə əməkdaşlığı ilə həyata keçirilən “Enerjidə transformasiya və strateji inkişaf” proqramının ilk məzunlarına sertifikatlar təqdim olunub
“SOCAR Türkiyə” və Orta Doğu Texniki Universitetinin (ODTÜ) əməkdaşlığı ilə dövlət sektorunda çalışanlar üçün hazırlanmış “Enerjidə transformasiya və strateji inkişaf” proqramının ilk mərhələsi başa çatıb. Proqramı uğurla başa vuran iştirakçılara Ankarada keçirilən mərasimdə sertifikatlar təqdim olunub.
Türkiyənin ən böyük birbaşa xarici investoru və inteqrə olunmuş sənaye qrupu olan “SOCAR Türkiyə” tərəfindən enerji sektorunda transformasiyanın dəstəklənməsi və ixtisaslı insan resurslarının inkişafına töhfə vermək məqsədilə Orta Doğu Texniki Universiteti ilə birgə başladılan sertifikat proqramının ilk dövrü yekunlaşıb.
Onlayn formatda keçirilən və ümumilikdə 32 saat davam edən proqram çərçivəsində təlimlər ODTÜ-nün ixtisaslaşmış akademik heyəti və “SOCAR Türkiyə”nin təcrübəli rəhbər heyəti tərəfindən aparılıb.
Enerji transformasiyası, rəqəmsallaşma və dayanıqlılıq istiqamətində hazırlanmış proqram dövlət sektorunda çalışan və bu sahələr üzrə ixtisaslaşmaq istəyən peşəkarlar üçün nəzərdə tutulub. İştirakçılara süni intellekt, məlumatların idarə olunması, enerji təhlükəsizliyi, yaşıl maliyyə, karbon idarəçiliyi və dəyişikliklərin idarə olunması kimi mövzular üzrə müasir və çoxşaxəli yanaşma təqdim edilməsi hədəflənib.
“SOCAR Türkiyə”nin baş icraçı direktoru Elçin İbadov sertifikatların təqdimat mərasimində çıxışı zamanı bildirib ki, universitet və sənaye əməkdaşlığının innovativ nümunəsinin həyata keçirilməsi böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu proqram Türkiyədə özəl sektor tərəfindən dövlət qulluqçuları üçün hazırlanmış enerji mövzulu ilk sertifikat proqramıdır.
Elçin İbadov qeyd edib ki, “Enerjidə transformasiya və strateji inkişaf” Proqramı çərçivəsində qurulan əməkdaşlıq modeli yalnız başlanğıcdır: “Proqramımızı yeni məzmun, yenilənmiş modullar və daha geniş iştirakçı qrupları ilə davam etdirmək niyyətindəyik”.

ODTÜ-nün rektoru professor Ahmet Yozgatlıgil isə çıxışında proqramın həyata keçirilməsində göstərdiyi dəstəyə görə Elçin İbadova təşəkkürünü bildirib. O qeyd edib ki, akademiya ilə sənaye arasında əməkdaşlığın gücləndirilməsi bu təşəbbüsün həyata keçirilməsində mühüm rol oynayıb.
Rektor vurğulayıb ki, ODTÜ-də enerji sahəsində fəaliyyətlər Elektrik-Elektronika, Maşınqayırma, Kimya və Ətraf Mühit Mühəndisliyi başda olmaqla bir çox fakültənin iştirakı ilə multidissiplinar yanaşma əsasında həyata keçirilir. Universitetdə bərpa olunan enerji texnologiyaları, enerji saxlama sistemləri, hidrogen texnologiyaları, ağıllı şəbəkələr, enerji səmərəliliyi və karbon emissiyalarının azaldılması istiqamətlərində mühüm tədqiqatlar aparılır.
Universitet və özəl sektorun bilik və təcrübəsini bir araya gətirən proqram enerji sektorunun sürətlə dəyişən tələblərinə uyğunlaşa bilən ixtisaslı kadrların hazırlanmasını hədəfləyir. “SOCAR Türkiyə” insan resurslarına yatırımı həm sektorun, həm də ölkənin enerji gələcəyinə qoyulan sərmayə kimi qiymətləndirərək oxşar inkişaf proqramlarını gələcəkdə də davam etdirməyi planlaşdırır.
Orxan Vahidoğlu, “İki sahil”