06 mart 2026 10:15
192

İran rejiminin təxribatçı addımları regional sabitliyi təhdid edir

Azərbaycan və İran arasında münasibətlər tarixi, coğrafi və demoqrafik amillərlə sıx şəkildə bağlıdır. Gülüstan və Türkmənçay müqavilələri regionu və xalqı faktiki olaraq üç hissəyə bölmüşdür. Rusiya imperiyasının tərkibində erməni vilayəti yaradıldı və zaman keçdikcə həmin ərazilərdən azərbaycanlı əhali mərhələli şəkildə sıxışdırılıb çıxarıldı. Araz çayı isə bir xalqın bölünməsinin rəmzinə çevrildi.

Bununla belə, münasibətlərin mürəkkəbliyinə baxmayaraq, son dövrlər belə bir təəsürat var idi ki, Azərbaycan və İran bəzi məsələləri müəyyən şəkildə həll etməyə çalışırlar. Sanki hər iki tərəf anlayırdı ki, ölkələr mümkün olan vasitələrlə qarşıdurmadan qaçmalı və qarşılıqlı faydalı layihələr həyata keçirməlidirlər.

Eyni zamanda, ötən illər ərzində cənub qonşumuzun müxtəlif strukturları pərdəarxası üsullarla ölkəmizin və cəmiyyətimizin inkişafına mane olmağa çalışıblar. Həmin qurumlar vaxtilə Qarabağ və Şərqi Zəngəzurda erməni işğalçılarına dəstək olublar, halbuki rəsmi bəyanatlarda Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirirdilər.

Lakin İran tərəfindən strateji əhəmiyyətə malik obyektə – Naxçıvan hava limanına birbaşa hücum baş verib. Ardınca məktəbə edilən hücum isə açıq mesajdır ki, ilk dron hadisəsi təsadüfi olmayıb. Şübhəsiz ki, baş verənlərlə bağlı müxtəlif versiyalar səsləndirilir. Kimlərsə simpatiya və ya antipatiyalarına uyğun olaraq sifarişlə bu məsələnin təsadüf olduğunu, ayrı-ayrı iranlı komandirlərin özbaşına hərəkəti və yaxud üçüncü tərəfin təxribatı olduğunu iddia edəcəklər.

Lakin dövlətlərarası münasibətlərin qurulduğu bir prinsip mövcuddur. Hər bir dövlət öz ərazisindən qonşulara qarşı birbaşa və ya dolayı təhlükələrin yaranmamasını bütün mümkün vasitələrlə təmin etməlidir. Qonşu ölkələrin ərazisindən hədəfli döyüş sursatları yönəlməməlidir. Hər bir dövlət öz ərazisində baş verənlərə görə məsuliyyət daşıyır, suverenlik prinsipinin mahiyyəti də məhz budur. Bu isə o deməkdir ki, baş verənlərə görə siyasi və hüquqi məsuliyyət İran dövləti və ordusunun üzərinə düşür. Bu amillər təkcə hadisənin araşdırılması öhdəliyini deyil, həm də araşdırmanın nəticələrinin Azərbaycan tərəfinə şəffaf şəkildə təqdim edilməsini zəruri edir.

İrandan fərqli olaraq, Azərbaycan uzun illər təhlükəsiz və mehriban qonşu olub. Dövlətimiz öz ərazisindən üçüncü ölkələrin İrana qarşı fəaliyyət göstərməsinə icazə verməyib. Bu fikri nə ABŞ qoşunlarının yerləşdiyi Fars körfəzi ölkələri, nə də sərhədləri boyunca tez-tez silahlı qrupların hərəkət etdiyi İraq, Pakistan və Əfqanıstan barədə demək olar. Ermənistan isə öz ərazisinə Avropa “müşahidəçi” missiyasını dəvət edib. Hətta İranın Türkiyə ilə sərhədində son illərdə təhlükəsizlik tədbirləri gücləndirilsə də, həmin istiqamətdə də tam sabitlik və sakitlikdən danışmaq mümkün deyil.

Bütün bunlar göstərir ki, İranın beynəlxalq hüququn, sülh və mehriban qonşuluq prinsiplərinin kobud şəkildə pozması Azərbaycanı milli maraqlar, müdafiə və təhlükəsizlik məsələlərində diktə etdiyi addımlar atmağa məcbur edir. Bununla yanaşı, ən sadə siyasi analiz də göstərir ki, İran hazırkı vəziyyətində Azərbaycanla qarşıdurmaya getmək imkanına malik deyil.

Nigar Arpadarai,

Milli Məclisin deputatı