Vətanə Zeynalova: Müəllimlik mənim üçün sadəcə bir peşə fəaliyyəti olmayıb…
Müəllimlik, sadəcə bilik ötürmək deyil, gələcəyin insanlarını formalaşdırmaq, qəlblərə yol açmaq və milli-mənəvi dəyərləri yaşatmaq missiyasıdır. Hər söz, hər istiqamət, hər an bir həyatın formalaşmasına toxunan müqəddəs vəzifədir. Bu peşə həm məsuliyyətin, həm də ilhamın zirvəsidir. Bakının Nərimanov rayonundakı 177 saylı orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Vətanə Zeynalova 23 ildən artıqdır ki, hər dərsini bilik və dəyərləri birləşdirən müqəddəs fəaliyyət kimi həyata keçirir. O, şagirdlərini yalnız biliklə silahlandırmır, onları tənqidi düşünməyə, düzgün seçim etməyə və həyatın çətin yollarında özlərini itirməməyə hazırlayır.
Bu müsahibəmizdə Vətanə müəllimin 23 illik pedaqoji fəaliyyəti, uğurları və şagirdlərə verdiyi dəyərlər üzərində dayanaraq, onun müəllimlik sənətinə olan bağlılığını oxucularımızla paylaşırıq.

-Özünüzü oxucularımıza təqdim edərdiniz…
-Bakı şəhəri 177 saylı orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Vətanə Rəsul qızı Zeynalova. Pedaqoji fəaliyyətimə 23 il əvvəl məhz bu məktəbdə başlamışam. Bir müəllim olaraq elə ilk gündən bu peşənin həm məsuliyyətli, həm də bütün peşələrin fövqündə dayandığını dərk etmiş, cəmiyyətin inkişafına töhfələr verməyə hazır olan gənclər yetişdirməyi özümə vəzifə borcu bilmişəm.

-Müəllimliyi seçməyinizdə hansı əsas dəyərlər və prinsiplər rol oynayıb və bu prinsipləri gündəlik fəaliyyətinizdə necə yaşadırsınız?
-Müəllimlik mənim üçün sadəcə bir peşə fəaliyyəti olmayıb. Şagirdlərin qəlbinə yol tapmaq, onların həyata baxışında müsbət rol oynamaq, cəmiyyətə düzgün şəkildə adaptasiya olunmaq, həyatın çətin yollarında büdrəməmək, milli-mənəvi dəyərləri formalaşdırmaq kimi vacib məsələlər fəaliyyətimin əsas istiqaməti olub. Münasibətlərin sağlam şəkildə qurulması və gündəlik dərslərdə elmi-nəzəri biliklərlə yanaşı, şagirdlərə aşılanması təbii ki, öz müsbət nəticəsini göstərməkdədir. Yalnız öyrədən tərəf olaraq qalmamışam, onların problemlərini dinləyən, yol göstərən, düzgün istiqamətləndirən insan kimi həyatlarında xüsusi əhəmiyyət kəsb etmiş və bundan məmnun olmuşam.
-“Teledərs” layihəsində bütün Azərbaycan şagirdlərinə dərs demək təcrübəsi sizin pedaqoji baxışınızı necə dəyişdirdi?
-“Teledərs” layihəsinə çox çətin bir dönəmdəstart verildi. Kifayət qədər diqqət, məsuliyyət tələb edən bir layihə idi. İllərdir kiçik auditoriyadan ötürülən biliklər bu layihədə bütün respublikanı əhatə etdi. Çox maraqlı, işini sevən, bütün ölkə şagirdlərinin qəlbunə yol tapan bir peşəkar komanda yarandı və hər birimizin pedaqoji fəaliyyətinə müsbət təsir göstərdi.

-Azərbaycan dili və ədəbiyyat dərslərində şagirdlərin nitq mədəniyyətini inkişaf etdirmək üçün hansı üsul və prinsipləri prioritet hesab edirsiniz?
-Sizin də vurğuladığınız kimi, Azərbaycan dili və ədəbiyyat dərsləri xüsusi çəkisi olan fənlərdəndir. Belə ki, oxuyub-anlatma, dinləyib-anlatma, şifahi nitq bacarıqları, yazılı nitqin normalara uyğunlaşdırılması, dil qaydalarının düzgün tətbiqi, analiz etmə, əlaqələndirmə, nəticə çıxarma, şifahi nitqdə jest və mimikanın, intonasiya və düzgün tələffüz qaydalarının ardıcıl, məqsədəmüvafiq həyata keçirilməsi məhz bu fənlərin üzərinə düşür. Elə bu baxımdan şagirdlərlə bu istiqamətdə davamlı, məqsədyönlü iş aparmaq biz dilçilərin öhdəsinə düşən ən vacib məsələdir. Nitq mədəniyyəti dilçiliyin təcrübi sahəsi olduğundan gündəlik izlənilən və şagirdləri parazit, vulqar, barbar sözlərdən istifadə etməməyə yönəltmək, dilin sahibinin onlar olduğunu hər məqamda xatırlatmaq, düzgün nitq vərdişlərinə yiyələndirmək həlli vacib məsələdir.

-Milli-mənəvi dəyərləri və vətənpərvərlik mövzusunu dərslərinizə necə inteqrasiya edirsiniz?
-Milli-mənəvi dəyərlərin aşılanması yalnız dərs prosesində deyil, eləcə də məktəbdaxili tədbirlərdə, sinif təşkilat saatlarında, dərsliklərdə yer alan mövzuların, mətn və əsərlərin təhlili zamanı kifayət qədər geniş şəkildə müzakirə olunur. Şagirdlərdən gələn gözəl məzmunlu fikirlər onların Vətənə, soykökə bağlılığını açıq-aydın göstərir. Dəyərlərə söykəndiyimizdən dəfələrlə uşaq evlərinə, qocalar evinə, sığınacaqlara ziyarətə getmiş, onlara qayğı və diqqəti əsirgəməmişik. Şagirdlərim öz həmyaşıdlarının sağlamlıqlarına qoşulmasına da biganə qalmayıb təşəbbüsümə qoşularaq yardım aksiyası keçirmişlər. Belə təşəbbüsləri illərdir ki, davam etdiririk.
-Peşə fəaliyyətinizdə sizi ən çox duyğulandıran və yaddaşınızda silinməz iz buraxan hadisə hansı olub? Bu, pedaqoji baxışınıza necə təsir edib?
-Duyğulandıran hallar çox tez-tez olur. Xarakter etibarilə həssas insanam. Hər buraxılış sinfimlə kövrək anlar yaşayırıq. Onların uğurları, irəliləyişləri, yüksək nəticələri mənim üçün çox böyük sevinc hissidir.

- Prezident İlham Əliyevin Sərəncamı əsasında “Tərəqqi” medalı ilə təltif olunmağınız sizin üçün nə ifadə edir? Bu mükafat müəllim kimi fəaliyyətinizə hansı məsuliyyəti əlavə etdi?
-Bəli, mən Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuşam. Bundan əlavə, aidiyyəti dövlət orqanları tərəfindən Fəxri Fərman və “Təşəkkürnamə” ilə qiymətləndirilmişəm. Eyni zamanda, ölkə Prezidentinin müvafiq Sərəncamı ilə keçirilən “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olmuşam.
Təbii ki, bütün sahələrdə olduğu kimi, mənim də müəllim olaraq fəaliyyətin qiymətləndirilməsi həm stimul verir, həm də məsuliyyət hissimi artırır. Bu baxımdan öz üzərimdə daim çalışıram, müxtəlif layihələrdə iştirak etməklə təhsil sahəsindəki yenilikləri dərslərimdə tətbiq etməklə fəaliyyətimi davam etdirirəm.

-Peşənizin çətin tərəfləri nədir və bu çətinlikləri necə dəf edirsiniz?
-Peşəmizin çətin tərəfləri çoxdur. Müəllim yalnız dərs keçmir, həm də şagirdin tərbiyəsinə, dünya görüşünə, həyat hadisələrinə münasibətinə, düşüncə tərzinə, gələcəyinə təsir edir. Bir sinifdə şagirdlərin biliyi, qabiliyyəti, xarakteri eyni olmur. Müəllim həm güclü, həm zəif şagirdlə eyni anda işləməlidir. Bəzən şagirdlərin davranışı, valideynlərin yersiz tələbləri müəllimi psixoloji olaraq yorur. Amma bütün hallarda prosesləri səbrlə tənzimləmək məcburiyyətindəsən, çünki müəllimsən.

-Şagirdlərinizə hər zaman hansı dəyərləri və tövsiyələri aşılayırsınız?*
-Qeyd etdiyim kimi, müəllim yalnız təhsil verən deyil. Bu baxımdan şagirdlərimə daim həyatda düzgün yol seçməyə kömək edən dəyərlər, tövsiyələr aşılamağı özümə borc bilirəm.
Cəmiyyətdə doğru bir şəxsiyyət kimi formalaşmaq;
Təhsilin, bilim və bacarığın gələcək həyat üçün vacibliyi;
Başqasının haqqına girməməyi, ədalətli, dürüst olmağı;
Zəhmətkeş olmağı, işinə məsuliyyətlə yanaşmağı;
Vətənə sevgi, milli dəyərlərə hörmət, cəmiyyətə faydalı olmaq;
Empatiya göstərmək, əməkdaşlığı bacarmaq, qayğı göstərmək və s.

-Sizcə, müasir təhsil sistemində müəllimin rolu necə dəyişib və gələcəkdə hansı yeniliklər müəllim peşəsini daha effektiv edəcək?
-İnteraktiv dərslər, onlayn platformalardan istifadə imkanları, şagirdlərin daha çox resusrlardan istifadə etməsi, şagirdlərin layihələrə cəlb olunması, araşdırma bacarıqları, süni intellekt əsaslı proqramlar müasir təhsil sistemindəki yeniliklərdir. Bu prosesdə yalnız müəllim öyrədən tərəf deyil, istiqamət verən, yönəldən tərəfdir. Öyrədici mühitdə müəllim-şagird əməkdaşlığı ön plana çıxır.
-Şagirdlərin uğurunu izləmək və onlara dəstək olmaq sizin üçün necə motivasiya mənbəyidir?
-Şagird uğurlu müəllim zəhmətinin göstəricisidir. Qazanılan uğurda müəllim tələbkarlığı – şagird məsuliyyəti vəhdət təşkil edir. Bu da, əlbəttə, müəllimi çox sevindirir, işinə sevgisini daha da artırır.
Yaqut Ağaşahqızı, “İki sahil”