13 mart 2026 17:23
193

Azərbaycan–Aİ münasibətləri: qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu yalnız dövlətlərarası münasibətlərlə məhdudlaşmır, eyni zamanda beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsini də əhatə edir. Bu baxımdan ölkəmizin Avropa İttifaqı ilə münasibətləri xüsusi əhəmiyyət kəsb edir və müxtəlif sahələr üzrə ardıcıl şəkildə inkişaf etdirilir.

Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın hüquqi və institusional əsasları 1996-cı ildə tərəflər arasında imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə möhkəmləndirilmişdir. Sonrakı mərhələdə bu münasibətlər strateji istiqamətlər üzrə daha da dərinləşmiş, 2006-cı il 7 noyabr tarixində enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu, 2011-ci il 13 yanvar tarixində isə Cənub Qaz Dəhlizi üzrə Birgə Bəyannamə imzalanmışdır.

Eyni zamanda, Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi dialoq və yüksək səviyyəli təmaslar Avropa İttifaqı Şurası çərçivəsində də davamlı xarakter almış, tərəflər enerji təhlükəsizliyi, regional sabitlik və iqtisadi əməkdaşlıq sahələrində münasibətlərin inkişafına xüsusi önəm vermişlər. Bu əməkdaşlıq Azərbaycan Respublikasının çoxşaxəli və balanslaşdırılmış xarici siyasət strategiyasının mühüm istiqamətlərindən biri kimi çıxış edir.

Cari ilin 11 mart tarixində Avropa İttifaqı Şurasının Prezidenti  Antonio Costanın ölkəmizə səfəri çərçivəsində dövlət başçımız İlham Əliyev ilə arasında keçirilən birgə mətbuat bəyanatı Azərbaycan ilə Avropa İttifaqı Şurası və ümumilikdə Avropa İttifaqı arasındakı münasibətlərin strateji xarakterini bir daha təsdiqlədi. Mətbuat bəyanatı çərçivəsində siyasi dialoq, enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, nəqliyyat dəhlizləri və regionda sülh prosesi kimi mühüm məsələlər geniş müzakirə olundu.

Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Azərbaycan və Avropa İttifaqı müxtəlif səviyyələrdə fəal tərəfdaşlıq mərhələsindədir. Son illərdə tərəflər arasında intensiv siyasi dialoq formalaşıb, Avropa Komissiyasının üzvlərinin Bakıya ardıcıl səfərləri bu münasibətlərin dinamik inkişafının göstəricisidir. Dövlət başçısının vurğuladığı kimi, iqtisadi göstəricilər də bu əməkdaşlığın miqyasını aydın şəkildə nümayiş etdirir. Belə ki, 2026-cı ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsinin təxminən 50 faizi Avropa İttifaqı ilə bağlı olub. Bu fakt Aİ-nin Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu bir daha göstərir.

Azərbaycan–Aİ münasibətlərinin əsas istiqamətlərindən biri enerji sahəsində əməkdaşlıqdır. Prezident İlham Əliyev vurğuladı ki, enerji tərəfdaşlığı xüsusilə 2022-ci ildə Azərbaycan ilə Avropa Komissiyası arasında imzalanmış Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında sənəddən sonra daha da güclənib. Bu sənəd Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunu əhəmiyyətli dərəcədə artırıb.

Hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycan qazını alır və ümumilikdə 16 ölkə boru kəmərləri vasitəsilə Azərbaycan qazı ilə təmin olunur. Bu göstərici Azərbaycanın qlobal enerji bazarında mühüm təchizatçı mövqeyini təsdiqləyir. Dövlətimizin başçısının sözlərinə görə, Avropa bazarı Azərbaycanın qaz ixracının təxminən yarısını təşkil edir və yaxın illərdə hasilatın artırılması planlaşdırılır. Yeni yataqların istismara verilməsi nəticəsində növbəti iki-üç il ərzində əlavə 10 milyard kubmetr qazın hasil olunması gözlənilir.

Bu istiqamətdə əsas platformalardan biri də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində aparılan əməkdaşlıqdır. Hər il keçirilən toplantılar Azərbaycan ilə Avropa arasında enerji tərəfdaşlığının strateji planlaşdırılması üçün mühüm mexanizm rolunu oynayır.

Enerji əməkdaşlığının digər mühüm istiqaməti bərpaolunan enerji sahəsidir. Azərbaycan külək, Günəş və hidroenerji potensialının inkişafına böyük sərmayələr yatırır. Prezident İlham Əliyevin vurğuladığı kimi,  qarşıdakı beş-altı il ərzində ölkə ixraca hazır olan 6–8 giqavatlıq bərpaolunan enerji gücünə malik olmağı planlaşdırır.

Azərbaycanın iqlim xüsusiyyətləri bu istiqamətdə böyük imkanlar yaradır. Ölkədə ildə 300-dən çox günəşli günün olması və əlverişli külək potensialı yaşıl enerjinin inkişafı üçün ciddi baza formalaşdırır. Bu çərçivədə Avropa tərəfdaşları ilə dəniz dibi elektrik kabelləri, ötürücü xətlər və enerji infrastrukturu layihələri üzərində iş aparılır. Bu layihələr gələcəkdə Azərbaycanı regionun mühüm “yaşıl enerji” ixracatçılarından birinə çevirəcək.

Mətbuat bəyanatında regiondakı siyasi vəziyyət və Ermənistanla münasibətlər barədə də danışıldı. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan müstəqilliyini 1991-ci ildə bərpa etsə də, regionda cəmi yeddi aydır ki, sülh şəraitində yaşayır. Ermənistanla paraflanmış sülh sazişi regionda sabitliyin formalaşması üçün mühüm addımdır.

Azərbaycan artıq bu proses çərçivəsində konkret addımlar atmağa başlayıb. Ermənistana neft məhsullarının təchizatına başlanması və digər ölkələrdən Azərbaycan ərazisi vasitəsilə Ermənistana gedən yüklərin tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması sülhə praktiki töhfədir. Dövlət başçısı vurğuladı ki, bu addımlar yalnız siyasi bəyanat deyil, real əməkdaşlıq nümunəsidir.

Sülh prosesi həm də regional nəqliyyat layihələrinin inkişafına yeni imkanlar açır. Xüsusilə Orta Dəhlizin genişlənməsi Avropa ilə Asiya arasında ticarət və logistika əlaqələrinin güclənməsinə xidmət edəcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta birgə bəyanat imzaladılar. Bəyanatda enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya dəhlizləri, xüsusilə Orta Dəhliz üzrə əməkdaşlıq, eləcə də regional sabitliyin möhkəmləndirilməsi əsas prioritetlər kimi vurğulanır.

Eyni zamanda tərəflər Cənubi Qafqaz regionunda davamlı sülhün təmin olunması, Azərbaycan-Ermənistan normallaşma prosesinin irəliləməsi, münaqişədən sonrakı bərpa və humanitar minatəmizləmə fəaliyyətlərinə beynəlxalq dəstəyin artırılması kimi məsələlərdə ortaq mövqe nümayiş etdiriblər.

Prezident İlham Əliyev və Antonio Koştanın birgə bəyanatı Azərbaycan–Avropa İttifaqı münasibətlərinin yalnız enerji sahəsi ilə məhdudlaşmadığını göstərir. Ticarət, investisiya, nəqliyyat, yaşıl enerji və regional təhlükəsizlik kimi sahələrdə əməkdaşlıq tərəfdaşlığın çoxşaxəli xarakterini formalaşdırır.

Mövcud dinamika göstərir ki, Azərbaycan Avropa üçün etibarlı enerji tərəfdaşı və mühüm geosiyasi aktor kimi mövqeyini gücləndirməkdədir. Eyni zamanda Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın iqtisadi inkişafına, investisiya imkanlarının genişlənməsinə və regionda uzunmüddətli sülhün təmin olunmasına xidmət edir.

Azərbaycanın həyata keçirdiyi müstəqil və balanslaşdırılmış xarici siyasət kursu ölkənin beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir. Bu kontekstdə Avropa İttifaqı ilə münasibətlərin inkişafı həm regional sabitliyə, həm də Avropa məkanında enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunmasına töhfə verən mühüm amil kimi çıxış edir.

Ziyafət ƏSGƏROV,
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini