13 mart 2026 20:58
217

Müəllimlik səbir, fədakarlıq, sevgi, diqqət və məsuliyyət tələb edən çox şərəfli peşədir - MÜSAHİBƏ

Hər bir müəllim yalnız bilik ötürən deyil, həm də gələcəyin qurucusudur. Müəllim şagirdlərin həyatına istiqamət verən, onların dünyagörüşünü formalaşdıran, onlara ilham və nümunə olan şəxsdir. Müəllimlik yalnız peşə deyil, həm də məsuliyyət, səbir, fədakarlıq və sevgi tələb edən müqəddəs bir missiyadır. Müəllim hər dərsində yalnız faktları öyrətmir, həm də şagirdin xarakterinə toxunur, onu cəmiyyətə hazırlayır və gələcəyin vətəndaşı olaraq yetişdirir.

Belə müəllimlərdən biri də *Bakının Səbail rayonundakı 6 saylı məktəb-liseydə tarix müəllimi kimi fəaliyyət göstərən Ülviyyə İsmayılovadır. Onunla müsahibəmizdə pedaqoji fəaliyyəti, illər ərzində qazandığı təcrübələr və şagirdlərinə verdiyi dəyərli töhfələr haqqında danışdıq.

-Özünüzü oxucularımıza necə təqdim edərdiniz?

  -Mən İsmayılova Ülviyyə Ələsgər qızıyam. 2002-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsini bakalavr səviyyəsində, 2006-cı ildə isə həmin universitetdə Azərbaycanın yeni və ən yeni tarixi ixtisaslaşması üzrə magistr səviyyəsini bitirmişəm. Hazırda Bakının Səbail rayonundakı 6 saylı məktəb-liseydə tarix müəllimi kimi fəaliyyət göstərirəm. Təhsil və peşə fəaliyyətim ərzində bir sıra uğurlar qazanmışam: Təhsil Nazirliyinin "Elektron Təhsil" müsabiqəsində fərqlənmə diplomu (2014) və III yer (2016), multimedia məzmunlu video dərslərin hazırlanmasında iştirak, eTwinning layihələri, müxtəlif müsabiqələrdə qalibiyyətlər və təşəkkürnamələr.

-Tarix müəllimi peşəsini seçməyinizə hansı amillər təsir göstərdi və bu sahəyə marağınız necə formalaşdı?

 -Tarix mənim uşaqlıqdan maraq dairəmdə olub, amma müəllimlik peşəsini seçməyə əsas amil mənim yaddaşı gələcək nəsillərə ötürmək istəyim idi. İnsanlara yalnız faktları deyil, həm də keçmişin dərslərini öyrətmək, onların dünyagörüşünü formalaşdırmaq mənim üçün çox önəmlidir.

-Müxtəlif peşələr arasından niyə məhz müəllimliyi seçdiniz?

  -Gələcəyi formalaşdıran müqəddəs bir missiya olduğu üçün. Konfutsi deyirdi: “Mən öyrətməyi sevirəm, çünki öyrədərkən özüm də öyrənirəm.” Bu ifadə mənim dünyagörüşümlə tam uyğun gəlir.

-Müəllimlik peşəsi sizin üçün nə ifadə edir və bu peşəni necə xarakterizə edərdiniz?

 -Müəllimlik səbir, fədakarlıq, sevgi, diqqət və məsuliyyət tələb edən çox şərəfli peşədir. Bu peşə yalnız dərs keçməyi nəzərdə tutmur, həm də şagirdin xarakterinə toxunmaq, onu cəmiyyətə hazırlamaq və gələcəyin vətəndaşı kimi yetişdirmək tələb edir.

-Müəllimlik peşəsinin ən çətin tərəfləri sizcə nələrdir?

  -Müəllimin işi səhrada bağ qurmaq kimidir. Çox zəhmət tələb olunur, bəzən nəticələr dərhal görünmür. Lakin illər sonra şagirdlərin uğurunu, onların həyat bacarıqlarını görmək müəllim üçün ən böyük mükafatdır.

-İlk dərs gününüzü necə xatırlayırsınız?

  -İlk dərs günü çox həyəcanlı idi. Düşünürdüm, dərsi necə keçəcəyəm, sinfi ələ ala biləcəyəmmi? Əsl çətinlik sinfə daxil olana qədər idi, amma dərs başlayanda hər şey təbii axışda keçdi.

-Müəllimlərinizdən sizin üçün yaxşılığı və ya pisliyi ilə yadda qalan oldu mu?

 -Heç bir müəllimim pisliyi ilə yadda qalmayıb. Hər biri mənim xatirələrimdə dərin iz buraxıb. Onlardan öyrəndiyim dəyərlər həm şəxsi, həm də peşəkar həyatımda mənim üçün yol göstərici oldu.

-Hər hansı unudulmaz xatirələriniz varmı?

 - Orta məktəb dövründə bütün tədbirlərdə iştirak etmək, rollar ifa etmək, şeirlər və mahnılar söyləmək mənim üçün unudulmaz xatirələrdir.

-Əvvəlki nəsil gənclərlə indiki gənclər arasında hansı fərqləri müşahidə edirsiniz?

 -Hər dövrün gəncliyinin öz üstünlükləri və çətinlikləri var. Müasir gənclər texnologiyaya yaxın, məlumatlı və sürətlə öyrənən olsalar da, onları düzgün istiqamətləndirən müəllimlərin olması vacibdir.

-Şagirdlərinizə həyat və təhsil yolu ilə bağlı ən çox hansı tövsiyələri verirsiniz?

-Hər zaman öyrənməyə açıq olmağı tövsiyə edirəm. Həqiqi uğurun yalnız biliklə deyil, həm də yaxşı insan olmaqla ölçüldüyünü görməlidirlər.

-Müəllim olmaq istəyən gənclərə hansı tövsiyələri vermək istərdiniz?

 -Onlara deyərdim ki, müəllim yalnız dərs keçən deyil, həm də nümunə olan şəxsdir. Şagirdlərə düzgün dəyərləri, dürüstlük və məsuliyyət hissini aşılamalıdır.

-Tədris prosesində innovativ yanaşmalar və texnologiyaların tətbiqi barədə fikirləriniz?

 -Müəllim də ilbəil dəyişən tələblərlə ayaqlaşmalı, innovativ yanaşmalarla dərsi daha cəlbedici və interaktiv etməlidir.

-Peşə fəaliyyətinizdə ən unudulmaz məqamlar hansılar olub?

 -Şagirdlərimin nailiyyətləri mənim üçün ən qiymətli xatirələrdir. Onların uğurları müəllim üçün həm şəxsi, həm də peşəkar qürur mənbəyidir.

-Tədris prosesində istifadə olunan dərsliklərlə bağlı fikirləriniz necədir?

-Tarix dərslikləri tədris prosesində vacib vasitədir, çünki şagirdlərə keçmişi sistemli şəkildə anlamağa imkan verir.

-Tarix fənninin gənc nəslin dünyagörüşünün formalaşmasında rolu nədir?

 -Tarix yalnız tarixçilər üçün deyil, gələcəyin hər bir vətəndaşı üçün dərsdir. Tarixi öyrənən gənc həm faktları, həm də həyati dərsləri mənimsəyir.

-Yaxşı müəllim necə olmalıdır?

-Yaxşı müəllim dərs keçməklə kifayətlənməyib, həm də şagirdlərin həyatına təsir edən, onları gələcəyə hazırlayan bələdçi olmalıdır.

-Son dərs gününüzü necə təsəvvür edirsiniz?

 -Bir şagirdim hər dərsdən sonra “Müəllim, dərs üçün təşəkkür edirəm” deyir. Bu ifadə mənim üçün dünyadır.

-Azərbaycan təhsil sistemi barədə düşüncələriniz?

-Son illərdə ciddi inkişaf mərhələsindən keçib. Məqsəd yalnız bilik vermək deyil, həm də tənqidi düşünmə, yaradıcı yanaşma və həyat bacarıqlarını inkişaf etdirməkdir.

-Müasir dövrdə müəllimin cəmiyyətdəki rolu və məsuliyyəti nədir?

 -Müasir müəllim yalnız dərs keçən deyil, həm də yol göstərən, ilham verən və cəmiyyətin gələcəyini formalaşdıran şəxsdir.

-Gələcəklə bağlı planlarınız və məqsədləriniz nədir?

 -Peşəkar baxımdan məqsədim müəllimlik fəaliyyətimi daha da zənginləşdirməkdir.

Müəllimlik peşəsi səbir, fədakarlıq və sevgi tələb edən müqəddəs bir missiyadır. Ülviyyə İsmayılova göstərir ki, hər dərs, hər uğurlu şagird müəllimin əvəzolunmaz xidmətinin parlaq nümunəsidir. Onun əməyinə, şagirdlərə verdiyi ilham və dəyərlərə görə təşəkkür edirik. Belə müəllimlər cəmiyyətin təməlini möhkəmləndirir və gələcəyin vətəndaşlarını həm bilik, həm də dəyərlərlə silahlandırırlar.

Yaqut Ağaşahqızı, “İki sahil”