14 mart 2026 12:42
114

Rəşad Nəbiyev: Azərbaycan süni intellekt və innovasiyada çevik idarəetmə modelini tətbiq edir

Azərbaycan hökuməti süni intellekt, kibertəhlükəsizlik və biotexnologiya sahələrində innovasiyaları dəstəkləmək üçün çevik və davamlı idarəetmə modelini tətbiq edir.

“İki sahil” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Rəqəmsal gələcək: süni intellekt, idarəetmə və innovasiyanın etikası” mövzusunda panel iclasında deyib.

Nazir bildirib ki, ən böyük çağırış “zaman tələsi”dir: qaydaları çox tez tətbiq etsək, innovasiyaları məhv etmək riski yaranır, çox gecikdirsək isə riskləri idarə etmək çətinləşir. Ona görə də əsas məsələ, həm innovasiyaları təşviq edən, həm də cəmiyyəti və vətəndaşları qoruyan balanslı idarəetmə mexanizmini tapmaqdır.

Rəşad Nəbiyev vurğulayıb ki, Azərbaycanda rəqəmsal inkişaf strategiyası, kibertəhlükəsizlik və süni intellekt strategiyaları qəbul edilib, praktikada tətbiq olunur və əldə edilən təcrübədən öyrənilərək qanunvericilik bazası daim yenilənir.

Nazir qeyd edib ki, ölkədə qanunların qəbulu parlamentlə hökumət arasında sıx əməkdaşlıq nəticəsində həftələr ərzində həyata keçirilir ki, bu da innovasiyaların tətbiqini sürətləndirir.