Martın 14-də Marneulidə yerləşən "Azərbaycan Evi"ndə Gürcüstandakı Azərbaycandilli məktəblərin hazırkı durumu, təhsil sahəsində mövcud problemlərə həsr olunmuş tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, "Maarif" İctimai Birliyinin təşkil etdiyi tədbirdə müxtəlif bölgələrdəki Azərbaycan dilli məktəblərin müəllimləri, ziyalılar və ictimaiyyət nümyəndələri iştirak ediblər.
"Maarif" təşkilatının sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva çıxış edərək Azərbaycan icmasının təhsili, dövlət dili ilə yanaşı Ana dilini öyrənməsi ilə bağlı mövcud problemlərdən danışıb. Bildirib ki, soydaşlarımızın dövlət dilini öyrənmələri üçün müxtəlif layihələr, proqramlar hazırlanıb. Lakin onların Ana dilinə marağının artdığını nəzərə alınaraq yeni layihələr və proqramlar demək olar ki, yoxdur.
Sonra o, Azərbaycandilli məktəblərdə və ümumiyyətlə təhsil sistemində mövcud problemlər, kadr çatışmazlığı, dil baryeri, dərsliklərlə bağlı mövcud olan problemlər barədə məlumat verib.
Tədbirdə çıxış edənlər məktəblərdə dövlət dili ilə yanaşı Ana dilinin də tədrisinin vacibliyini qeyd ediblər.
Sonda tədbir iştirakçıları adından Gürcüstanın Baş nazirə, təhsil və elm nazirinə, parlamentin sədrinə və digər əlaqədar təşkilatlara müraciət qəbul olunub.
Müraciətdə ölkənin təhsil sistemində mövcud olan problemlər sadalanıb, etnik azlıqların ana dillərində təhsili ilə bağlı təklifləri qeyd olunub.