Son illərdə olduğu kimi, bu il də Azərbaycan dünya miqyasında mühüm əhəmiyyət daşıyan bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu tədbirlərdən biri də martın 12-də fəaliyyətə başlayan “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr edilmiş XIII Qlobal Bakı Forumu oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən bu mötəbər tədbir dünyanın müxtəlif ölkələrindən bir çox siyasətçiləri və ekspertləri bir araya gətirərək qlobal miqyasda aktual problemlərin müzakirəsi və onların həlli yollarının axtarışı üçün mühüm platforma yaratdı.
Uzun illərdir siyasi dialoqun təşviqi və beynəlxalq əməkdaşlığın inkişafı baxımından mühüm platforma kimi tanınan forum çərçivəsində bir sıra aktual mövzular ətrafında geniş müzakirələr aparıldı. Bu müzakirələr “Qlobal təhlükəsizlik və güc balansı: beynəlxalq hüquqa hörmət, yeni çağırışlar və çətinliklər”, “Böhran dövründə çoxtərəflilik: qlobal əməkdaşlığa yeni baxış”, “Mənzil sahəsində qlobal əməkdaşlıq: WUF13 üçün perspektivlər” və “Beynəlxalq sistemin yenidən qurulmasına doğru” kimi mövzuları əhatə etdi. Bu istiqamətlər üzrə keçirilən müzakirələr müasir beynəlxalq münasibətlər sistemində mövcud çağırışların qiymətləndirilməsi və gələcək əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdi.
Müasir beynəlxalq münasibətlər sistemi dərin transformasiya mərhələsindən keçir. Geosiyasi rəqabətin artması, regional münaqişələrin davam etməsi və yeni təhlükəsizlik çağırışlarının meydana çıxması qlobal gündəliyi müəyyən edən əsas amillərdən birinə çevrilmişdir. Bu kontekstdə beynəlxalq dialoq platformaları dövlətlərin mövqelərinin təqdim edilməsi, qlobal problemlərin müzakirəsi və ortaq həll yollarının axtarılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu baxımdan XIII Qlobal Bakı Forumunun açılış mərasimində dövlət başçımız İlham Əliyev tərəfindən səsləndirilən fikirlər yalnız regional deyil, həm də qlobal təhlükəsizlik və inkişaf məsələləri baxımından diqqətəlayiq strateji yanaşmanı əks etdirdi. Cənab Prezident çıxışında təhlükəsizlik və sabitliyin dövlətlərin inkişafı üçün fundamental şərt olduğunu vurğulayaraq, Azərbaycanın son onilliklərdə keçdiyi siyasi və geosiyasi təcrübəni beynəlxalq ictimaiyyət üçün mühüm nümunə kimi təqdim etdi.
Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan məqamlardan biri müasir dövrdə təhlükəsizlik məsələlərinin dövlət siyasətində prioritet xarakter daşımasıdır. Qlobal sistemdə artan qeyri-müəyyənlik, yeni münaqişə ocaqlarının yaranması və beynəlxalq hüquq normalarının pozulması fonunda təhlükəsizlik məsələsi dövlətlərin inkişaf strategiyasının mərkəzinə çevrilmişdir.
Azərbaycanın təcrübəsi göstərir ki, təhlükəsizlik və sabitlik olmadan iqtisadi inkişaf, sosial rifah və regional əməkdaşlıq kimi məsələlər real nəticə verə bilməz. Bu baxımdan Prezident İlham Əliyev təhlükəsizliyin yalnız milli məsələ deyil, eyni zamanda beynəlxalq əməkdaşlıq tələb edən qlobal məsələ olduğunu qeyd etdi.
Dövlətimizin başçısının çıxışda Azərbaycanın son otuz illik tarixində baş verən proseslərə də geniş yer verildi. Prezident İlham Əliyev qeyd etdi ki, ölkəmiz uzun müddət işğal və etnik təmizləmə nəticəsində ağır geosiyasi reallıqlarla üzləşmişdir. Təxminən üç onillik ərzində Azərbaycanın ərazisinin mühüm hissəsi işğal altında qalmış, beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar isə praktiki nəticə verməmişdir.
Bu şəraitdə Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmək üçün beynəlxalq hüququn, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin özünümüdafiə hüququnu nəzərdə tutan müddəalarına əsaslanaraq hərəkət etmişdir.
Cənab Prezidentin vurğuladığı kimi, Azərbaycanın təcrübəsi işğal şəraitində yaşamaq və beynəlxalq ədalətin bərpasını gözləmək, güc tətbiqi ilə ərazi bütövlüyünü bərpa etmək və müharibədən sonra siyasi yollarla sülhə nail olmaq mərhələlərini əhatə etdi. Bu model müasir beynəlxalq münasibətlər tarixində nadir nümunələrdən biridir.
Prezident İlham Əliyev çıxışında Azərbaycan və Ermənistan arasında əldə olunmuş sülh prosesinə də toxunaraq bildirdi ki, sülh artıq yalnız siyasi sənəd deyil, real həyatın bir hissəsinə çevrilibdir. Sərhəddə sabitliyin təmin olunması və qarşıdurmaların dayandırılması regionda yeni əməkdaşlıq imkanları yaradır.
Azərbaycanın sülh strategiyası yalnız siyasi bəyanatlarla məhdudlaşmır. Cənab Prezidentin sözlərinə görə, Ermənistanla ticarət əlaqələrinin bərpası və enerji resurslarının ixracına başlanılması regionda uzunmüddətli sabitliyin təmin olunmasına yönəlmiş praktiki addımlardır. Bu yanaşma Azərbaycanın müharibədən sonra belə konstruktiv əməkdaşlıq modelinə sadiq olduğunu nümayiş etdirir.
Prezident İlham Əliyevin çıxışında mühüm yer tutan mövzulardan biri də enerji təhlükəsizliyi məsələsi oldu. Müasir dövrdə enerji resurslarının təminatı artıq yalnız iqtisadi məsələ deyil, həm də dövlətlərin milli təhlükəsizliyinin ayrılmaz komponentinə çevrilmişdir.
Azərbaycanın enerji strategiyası neft, qaz və elektrik enerjisinin istehsalı və ixracının genişləndirilməsinə əsaslanır. Ölkənin təbii qaz ixrac etdiyi dövlətlərin sayının artması Azərbaycanın beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi rolunu daha da gücləndirir. Bu isə Avropa və digər regionların enerji təhlükəsizliyinə mühüm töhfə verir.
Çıxışda Azərbaycanın nəqliyyat və logistika sahəsində oynadığı rol da xüsusi vurğulanmışdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, qlobal tədarük zəncirlərinin pozulduğu bir dövrdə yeni nəqliyyat marşrutlarının formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan bu kontekstdə Avrasiya məkanında mühüm tranzit mərkəzlərindən birinə çevrilmişdir. Ölkəmiz həm Şərq–Qərb nəqliyyat dəhlizi, həm də Şimal–Cənub nəqliyyat dəhlizi üzrə əsas logistika tərəfdaşlarından biridir.
Bundan əlavə, Ermənistanla sülh əldə olunduqdan sonra Orta Dəhlizin yeni istiqamətlərinin inkişafı regionda iqtisadi inteqrasiyanın genişlənməsinə və Naxçıvan Muxtar Respublikası ilə birbaşa nəqliyyat və enerji xətlərinin birləşdirilməsinə imkan yaradacaq.
XIII Qlobal Bakı Forumunda Prezident İlham Əliyevin çıxışı müasir dünya siyasətində təhlükəsizlik, sülh və əməkdaşlıq məsələlərinə dair Azərbaycanın strateji baxışını əks etdirdi. Azərbaycanın işğaldan sülhə qədər keçdiyi mürəkkəb tarixi yol, regional sabitliyin təmin olunmasına yönəlmiş siyasəti və enerji-logistika sahəsində həyata keçirdiyi layihələr ölkənin qlobal siyasətdə artan rolunu nümayiş etdirir.
Bu baxımdan Azərbaycanın təcrübəsi yalnız regional münaqişələrin həlli üçün deyil, həm də keçid mərhələsində olan beynəlxalq sistemdə sabitlik və əməkdaşlıq modelinin formalaşdırılması üçün mühüm nümunədir.
Ziyafət ƏSGƏROV,
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini