16 mart 2026 14:15
122

Regional əməkdaşlıqdan beynəlxalq tərəfdaşlığa: Azərbaycan söz və nüfuz sahibi kimi

XIII Qlobal Bakı Forumu beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklərin və qlobal çağırışların müzakirə edildiyi mühüm platformalardan biri kimi xüsusi önəm kəsb edib. “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunan forumda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev çıxışında beynəlxalq təhlükəsizlik, regional sabitlik, enerji əməkdaşlığı və nəqliyyat layihələri ilə bağlı strateji əhəmiyyət daşıyan fikirlər səsləndirib.

Müasir beynəlxalq münasibətlər sistemi mürəkkəb və ziddiyyətli mərhələdən keçir. Qlobal miqyasda yeni gərginlik ocaqlarının yaranması, mövcud münaqişələrin davam etməsi təhlükəsizlik məsələlərinin dövlətlərin gündəliyində əsas prioritetə çevrildiyini göstərir. Bu baxımdan sabitlik və müdafiə mexanizmlərinin möhkəmləndirilməsi hər bir dövlət üçün həyati əhəmiyyət kəsb edir. Çünki təhlükəsizlik təmin olunmadan sosial-iqtisadi inkişaf, regional əməkdaşlıq və beynəlxalq tərəfdaşlıq kimi istiqamətlər öz real məzmununu itirə bilər.

Forumda regional təhlükəsizlik məsələsinə də geniş yer ayrılıb. Uzun illər davam edən işğal dövründə sülhün təmin olunması və suverenliyin bərpası əsas strateji məqsəd kimi qarşıya qoyulub. Bu məqsədə nail olmaq isə güclü siyasi iradə və ardıcıl siyasət tələb edib. Həmin kontekstdə İkinci Qarabağ müharibəsi nəticəsində ərazi bütövlüyünün bərpası müasir tarixdə mühüm hadisə kimi qiymətləndirilib. Uzun müddət beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icra olunmaması regionda ədalətsiz vəziyyətin davam etməsinə səbəb olub. Nəticə etibarilə Azərbaycanın beynəlxalq hüququn verdiyi özünümüdafiə hüququndan istifadə edərək ərazilərin azad edilməsi və sonrakı mərhələdə siyasi vasitələrlə sülh prosesinin davam etdirilməsi mühüm təcrübə kimi diqqət çəkir.

Prezident İlham Əliyevin çıxışında post-müharibə dövründə sülhün bərqərar olunması və münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar da diqqətə çatdırılıb. Uzunmüddətli münaqişələrin həlli bəzi hallarda onilliklər tələb etsə də, regionda əldə olunan nəticələr nisbətən qısa müddətdə mümkün olub. Siyasi iradə, reallıqların qəbul edilməsi və qarşılıqlı maraqların nəzərə alınması yeni mərhələnin başlanmasına şərait yaradıb. Bu proses göstərir ki, davamlı sülh yalnız müharibənin sona çatması deyil, eyni zamanda qarşılıqlı etimad mühitinin formalaşması ilə möhkəmlənəcəkdir. Dövlətimizin başçısının vurğuladığı kimi, biz Ermənistanla sülhü yalnız kağız üzərində əldə etməmişik, sülh sazişi yeddi ay əvvəl paraflandı və birgə bəyanat qəbul olundu: “Lakin biz artıq real həyatda sülhü təmin etmişik. Sərhədimizdə sakit vəziyyət hökm sürür, atəş açılmır, artıq heç bir qurban və itki yoxdur”.

Sabitliyin möhkəmləndirilməsi üçün iqtisadi və humanitar addımlar da mühüm rol oynayır. Bu baxımdan regionda iqtisadi münasibətlərin genişləndirilməsi, ticari əlaqələrin inkişaf etdirilməsi və enerji resurslarının qarşılıqlı faydalı şəkildə istifadəsi sülh siyasətinin praktiki nəticələri kimi dəyərləndirilir. Bu yanaşma münaqişədən sonrakı dövrdə əməkdaşlığın genişlənməsinin uzunmüddətli sabitliyin təmin olunmasına xidmət etdiyini göstərir.

Prezident İlham Əliyevin çıxışında mühüm istiqamətlərindən biri də enerji təhlükəsizliyi məsələsi olub. Hazırkı geosiyasi şəraitdə enerji resurslarının dayanıqlı və etibarlı şəkildə tədarükü bir çox dövlətlərin milli təhlükəsizlik strategiyasının vacib elementinə çevrilib. Bu kontekstdə OPEC+ formatında həyata keçirilən əməkdaşlıq və bazarda sabitliyin qorunmasına yönəlmiş səylər xüsusi əhəmiyyət daşıyır. Enerji bazarında balansın təmin olunması həm istehsalçı, həm də istehlakçı dövlətlər üçün vacib amil kimi qiymətləndirilir. Enerji siyasəti yalnız neft və qaz ixracı ilə məhdudlaşmır, eyni zamanda elektrik enerjisi, neft-kimya məhsulları və digər enerji istiqamətlərində əməkdaşlığın genişləndirilməsi planlaşdırılır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, boru kəmərləri vasitəsilə təbii qaz ixracatçısı kimi, ölkələrin coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir: “İxrac həcmi artmaqda davam edir və artacaq, bu isə bir çox ölkə üçün enerji təhlükəsizliyi baxımından mühüm amildir. Azərbaycan beynəlxalq bazara etibarlı neft təchizatçısı kimi enerji təhlükəsizliyinə töhfəsini verməyə davam edəcək”.

Forum çərçivəsində qlobal iqtisadiyyat üçün strateji əhəmiyyət daşıyan nəqliyyat və logistika layihələrinə də diqqət yetirilib. Müasir dövrdə geosiyasi gərginliklər və regional münaqişələr ənənəvi ticarət marşrutlarının fəaliyyətinə mənfi təsir göstərdiyindən alternativ nəqliyyat dəhlizlərinin formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan Şərq‑Qərb nəqliyyat dəhlizi və Şimal‑Cənub nəqliyyat dəhlizi beynəlxalq ticarətin inkişafında mühüm rol oynayan strateji layihələr kimi dəyərləndirilir. Hər iki istiqamət üzrə yaradılmış müasir infrastruktur qlobal logistika sistemində yeni imkanların formalaşmasına xidmət edir.

Mürəkkəb geosiyasi şəraitdə təhlükəsizlik, enerji əməkdaşlığı və nəqliyyat layihələri dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və sabitliyin təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Bakı Forumu qlobal çağırışların müzakirə olunduğu, dialoqun təşviq edildiyi və beynəlxalq əməkdaşlıq üçün yeni imkanların formalaşdığı nüfuzlu platforma kimi öz rolunu davam etdirir.

Heydər Əsədov,
Milli Məclisin deputatı