Hazırda dünyanın bir sıra bölgələrində münaqişələr, müharibələr baş alıb gedir. Bu mənada demək olar ki, bəşəriyyət və Yer kürəsi təhlükə altındadır. Belə bir şəraitdə təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritetə çevrilib. Çünki öz inkişafı uğrunda illər, onilliklər ərzində səy göstərmiş ölkələr indi yeni geosiyasi reallıqlar formalaşdığı bir dövrdə ciddi risklərlə üzləşirlər. Regionda və dünyada baş verən geosiyasi proseslər göstərir ki, sabitlik və təhlükəsizlik təmin olunmadan digər sahələrdə davamlı inkişaf mümkün deyil.
Regional təhlükəsizlik 44 günlük Vətən müharibəsi və 23 saatlıq antiterror tədbirləri ilə ədaləti bərpa etmiş, mühüm geosiyasi körpü rolunu oynayan Azərbaycan üçün də olduqca böyük önəm kəsb edir. Ona görə də rəsmi Bakı bu istiqamətdə mütəmadi tədbirlər həyata keçirir. Artıq Ermənistanla demək olar ki, de-fakto sülhə nail olunub. Bu addımlar göstərir ki, rəsmi Bakı regional inteqrasiya və iqtisadi əməkdaşlıq çərçivəsində uğurlu siyasət yürüdür.
Xarici siyasəti beynəlxalq hüquq prinsiplərinə əsaslanan, mehriban qonşuluq, qarşılıqlı hörmət və humanizm qaydalarına söykənən Azərbaycanın bu sülhsevər siyasəti beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Hətta indi ölkəmiz dünyada təkcə enerji və nəqliyyat mərkəzi kimi yox, həm də ədalətli sülh modelinin memarı, sabitliyin və əmin-amanlığın ünvanı kimi tanınır. Yeri gəlmişkən qeyd edək ki, torpaqlarını işğaldan azad etdikdən sonra Azərbaycanın nəinki regionda, bütövlükdə, beynəlxalq müstəvidə mövqeləri əhəmiyyətli dərəcədə güclənib. Bu mənada demək olar ki, sabitlik adası kimi səciyyələndirilən ölkəmiz bu gün yalnız regionun deyil, bütövlükdə dünyanın diqqət mərkəzindədir. Bu isə o deməkdir ki, həm regional, həm də qlobal miqyasda sabitliyin qorunması istiqamətindəki səyləri ilə Azərbaycan müasir dünyada öz mövqeyini daha da möhkəmləndirib. Bu gün digər ölkələrə də nümunə olacaq bir model göstərən ölkəmiz regionda və beynəlxalq aləmdə yüksələn nüfuzu ilə seçilir.
Beynəlxalq proseslərə biganə qalmayan Azərbaycan qlobal təhlükəsizliyə də öz töhfələrini verməkdə davam edir. Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın təşəbbüsü ilə təşkil edilmiş Sülh Şurasında təsisçi üzv kimi ölkəmizin iştirakı Azərbaycanın artıq sadəcə regional deyil, qlobal sülh platformalarında söz sahibi olduğunun təzahürüdür. İran ətrafında baş verən gərginlik fonunda yüzlərlə xarici ölkə vətəndaşı Azərbaycan vasitəsilə təhlükəsiz şəkildə təxliyə olunub. Hətta bir sıra ölkələrin İrandakı səfirlikləri Azərbaycana köçürülüb. Bu proses Azərbaycanın təhlükəsizlik baxımından etibarlı tranzit ölkə olduğunu bir daha nümayiş etdirir. Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilati dəstəyi ilə Bakıda “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda keçirilən XIII Qlobal Bakı Forumu da Azərbaycanın bu prosesdə dönməz olduğunu göstərdi.
Dünyanın müxtəlif ölkələrindən nüfuzlu siyasi xadimlərin, həmçinin BMT strukturlarının rəhbərlərinin, alimlərin və ekspertlərin iştirakı ilə keçirilən bu tədbirin açılış mərasimindəki çıxışında “Regional təhlükəsizlik məsələsi Azərbaycan üçün hər zaman mütləq və əsas prioritet hesab edilir” deyən Prezident İlham Əliyevin bildirdiyi kimi, Qlobal Bakı Forumu artıq dünyanın mühüm beynəlxalq platformalarından birinə çevrilib: “Burada müzakirə olunan məsələlər qlobal gündəliyin ən aktual problemlərini əhatə edir və bu müzakirələr beynəlxalq ictimaiyyət üçün daha yaxşı anlaşma mühitinin formalaşmasına xidmət edir". Şübhəsiz, yeni dünya nizamı, beynəlxalq əməkdaşlıq və müasir geosiyasi proseslər kimi aktual məsələlərin müzakirə olunduğu bu Forum da dünyada təhlükəsizliyə, sabitliyə öz töhfəsini verəcək.
Qvami Məhəbbətoğlu, “İki sahil”