QDTİB-nin prezidenti: Azərbaycanda əlverişli investisiya mühiti beynəlxalq maliyyə institutları üçün yeni imkanlar yaradır
Martın 16-da Azərbaycan Respublikasının maliyyə naziri, Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Azərbaycan üzrə rəhbəri Sahil Babayev ölkəmizdə səfərdə olan QDTİB-nin prezidenti Serhat Köksalın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
“İki sahil” xəbər verir ki, görüşdə Azərbaycan ilə QDTİB arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub.
Nazir Sahil Babayev Bankın Azərbaycanın iqtisadi inkişafına və Qara dəniz regionunda iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfələri yüksək qiymətləndirib. Azərbaycanın QDTİB-nin təsisçi üzvlərindən biri kimi Bankın gələcək inkişafını dəstəklədiyini bildirən nazir qeyd edib ki, Bank fəaliyyətə başladığı vaxtdan etibarən Azərbaycanda maliyyələşdirdiyi layihələrlə ölkədə özəl sektorun inkişafına və maliyyə sektorunun gücləndirilməsinə töhfə verib.
Eyni zamanda, bildirilib ki, QDTİB Azərbaycanda yerli valyutada istiqraz buraxan ilk beynəlxalq maliyyə institutu olub və Bank özəl sektorun maliyyələşdirilməsini dəstəkləmək məqsədilə 2019-cu ildə Bakı Fond Birjasında korporativ istiqrazlar yerləşdirib.
Görüşdə Azərbaycanın QDTİB Rəhbərlər Şurasına hazırkı sədrliyi də diqqət mərkəzində olub, Bankın 2026-cı ilin iyul ayında Bakıda keçiriləcək növbəti illik toplantısının regional maliyyə əməkdaşlığının daha da möhkəmləndirilməsi baxımından mühüm platforma olacağı vurğulanıb.
Öz növbəsində, S.Köksal Azərbaycan ilə əməkdaşlığın Bank üçün mühüm əhəmiyyət daşıdığını bildirərək ölkəmizdə həyata keçirilən iqtisadi islahatların və formalaşdırılmış əlverişli investisiya mühitinin beynəlxalq maliyyə institutları üçün yeni imkanlar yaratdığını bildirib. O, gələcək əməkdaşlıq çərçivəsində özəl sektorun inkişafının maliyyələşdirilməsi, kiçik və orta biznesin və maliyyə institutlarının dəstəklənməsi, regional ticarətin və nəqliyyat-logistika bağlantısının təşviqi, həmçinin dayanıqlı inkişaf və iqtisadi şaxələndirmə ilə bağlı layihələrin dəstəklənməsi istiqamətlərində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını ifadə edib.
Görüş zamanı, həmçinin Bankın abunə kapitalının artırılması prosesində Azərbaycanın iştirakı, Bankın idarəetmə strukturunda üzv ölkələrin balanslaşdırılmış coğrafi təmsilçiliyinin təmin olunması, eləcə də tərəflər üçün qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Qara Dəniz Ticarət və İnkişaf Bankı beynəlxalq dövlətlərarası maliyyə kredit təşkilatıdır. QDTİB iqtisadi inkişafı və regional əməkdaşlığı dəstəkləyir, üzv ölkələrdə dövlət və özəl sektorlarda layihələr üçün kreditlərin verilməsi, kredit xətlərinin açılması, investisiyaların və zəmanətlərin verilməsində və ticarətin maliyyələşdirilməsində iştirak edir.