Odlar yurdu Azərbaycanımıza ilin ən gözəl fəsli olan bahar gəlir. Yazın ilıq nəfəsi ilə oyanan təbiət yenidən yaşıl libasına bürünür. Bu gün hər kəs müstəqil siyasət aparan, inkişaf və tərəqqi yolunda inamla irəliləyən respublikamızın hər yerində baharın gəlişini, xalqımızın qədim el bayramı olan Novruzu böyük sevinc və fərəhlə qarşılayır.
Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümüdür. Novruz həm də sülh, əmin-amanlıq və dostluq bayramıdır. Ümummilli Liderimiz Heydər Əliyevin diqqət və qayğısı ilə Azərbaycanda Novruz bayramı geniş xalq şənlikləri ilə keçirilib. Müstəqillik əldə etdikdən sonra Ulu Öndərin rəhbərliyi ilə milli bayramımız nəinki Azərbaycanda, o cümlədən qəlbi Vətən məhəbbəti ilə döyünən soydaşlarımız tərəfindən ölkəmizin hüdudlarından kənarda da qeyd edilib.

Novruz bayramı uzaq keçmişlərdən mənəvi dünyamızın ən dərin qatlarınadək nüfuz etmiş, müqəddəs dəyərlərimizin təşəkkülünə töhfələr vermiş və milli düşüncə tərzimizin ayrılmaz tərkib hissəsi olmuşdur. Milli-mənəvi dəyərlərimizi özündə əks etdirən, dünyaya tanıtdıran Novruz ta qədimlərdən sülh və əmin-amanlığın təmin olunması, insanlar arasında birlik və mehribanlığın nişanəsi olub. Qədim dövrlərdən bəri xalqımız Novruzu yeni ilin başlanğıcı hesab edib, onu bolluq, bərəkət və firavanlığın bünövrəsi kimi rəmziləşdirib. Novruz sərhəd tanımayan, türkün bütün əzəli torpaqlarında məskunlaşmış, eyni soykökünə mənsub insanları sarsılmaz birliyə, dostluq və həmrəyliyə, bolluq və firavanlıq uğrunda birgə mübarizəyə səfərbər edən, onların milli-etnoqrafik dəyərlərini tarix boyu bütün incəliklərinə qədər qoruya-qoruya çağdaş dünyamızın qloballaşma meydanınadək gətirib çıxaran bəşəri bir bayramdır.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. 2020-ci il dövlətçilik tariximizə qızıl hərflərlə yazıldı. Şanlı ordumuz işğalçı Ermənistan üzərində möhtəşəm Qələbə qazanaraq xalqımızın 30 illik həsrətinə son qoydu, bizi tarixi yurd yerlərimizə qovuşdurdu. Tarixi Qələbənin zirvəsi Azərbaycanın dilbər guşəsi, mədəniyyət ocağı, milli qeyrət, milli mənlik simvolu olan Şuşa şəhərinin azad edilməsi oldu. 2021-ci il martın 20-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşada Cıdır düzündə bayram tonqalı alovlandırdılar. O əziz gündə ölkəmizin başçısı dedi: “Biz bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik. Bu, tarixi hadisədir. 2004-cü ildən başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi”.
Hər il xalqımız Novruzu böyük coşqu ilə qeyd edir. Prezident İlham Əliyev hər il Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edir. Bu bayramın insanlara, cəmiyyətə ötürdüyü çox mühüm mənəvi ismarışları var. Qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudar, küsülülər barışar, ziddiyyətlər aradan götürülər. Ona görə də Novruz bayramı həm də dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır. Qırx dörd günlük Vətən müharibəsində hər bir vətəndaşımız bir yumruq kimi birləşərək erməni faşizminə qalib gəldi, Qarabağı işğaldan azad etdi. 2023-cü ilin 19-20 sentyabrında isə birgünlük local antiterror tədbirləri ilə bütün ölkə ərazisində dövlət suverenliyimiz bərpa olundu. Artıq işğaldan azad olan torpaqlarımızda bayram tonqalları yandırılır, burada böyük quruculuq işləri aparılır.
2010-cu ildə BMT-nin qərarı ilə martın 20-si Beynəlxlaq Novruz Günü elan olunub. Təbii ki, bu böyük bir coğrafiyada yaşayan 220 milyondan çox insanın milli mənəvi yaddaşına dünyanın ən mötəbər təşkilatı səviyyəsində verilən qiymətin bariz nümunəsi, özündə saflığı, paklığı, ali insani dəyərləri təcəssüm etdirən, həyatın yenidən canlanmasının müjdəçisi olan Novruzun müqəddəsliyinə olan inamın təntənəsidir.
Zahid Rza, “İki sahil”