18 mart 2026 19:32
120

Orta Dəhliz: Avrasiyada ən böyük ticarət marşrutu

Dünyada baş verən mürəkkəb geosiyasi proseslər fonunda beynəlxalq nəqliyyat daşımalarında strateji önəmini gündən-günə artıran Azərbaycan hazırda Orta Dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) daha da güclənməsinə böyük töhfələr verir. Zəngəzur dəhlizinin reallaşması ilə Asiya və Avropa arasındakı Orta Dəhlizin dəmir yolu və avtomobil yolu ilə yükdaşıma gücü daha da artacaq ki, bu da Pekindən Londonadək uzanan Şərq-Qərb ticarətinin yüksəlməsinə ciddi təkan verəcək.

Cənubi Qafqaz və Orta Dəhliz XXI əsr ticarət, nəqliyyat və enerji xəritəsində strateji mövqeyini gücləndirir. Region yalnız tranzit məkanı deyil, həm də qlobal iqtisadi təhlükəsizlik, enerji şaxələndirilməsi və beynəlxalq əməkdaşlıq üçün əsas platformaya çevrilir. İnfrastrukturun inkişafı, qarşılıqlı iqtisadi inteqrasiya və sabitlik bu əhəmiyyəti daha da artıracaq əsas amillərdir.

Strateji layihə olan Orta Dəhliz alternativ marşrutdur. Şimal və Cənub marşrutlarına alternativ olan Orta Dəhliz beynəlxalq şirkətlər və dövlətlər üçün riskləri azaldacaq. Ekspertlərin bildirdikləri kimi, yük daşımalarında vaxt qazancı əldə edilir. Orta Dəhliz ənənəvi dəniz yolundan daha qısadır. Bu isə çatdırılma müddətini azaldır, daşınma xərcləri azalır. Enerji təhlükəsizliyi və enerji layihələri-Cənubi Qafqaz- Xəzər hövzəsinin neft və qazını qlobal bazarlara çatdıran əsas marşrutdur. Orta Dəhliz bu baxımdan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Avropa üçün enerji mənbələrinin şaxələndirilməsi strateji hədəfdir və Cənubi Qafqaz bu məqsədin həyata keçirilməsində əsas həlqədir.

Azərbaycan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun daha da güclənməsinə böyük töhfələr verir. Dəhliz yaxın gələcəkdə qlobal tədarük zəncirinin ən mühüm hissəsi kimi yeni sürətli inkişaf mərhələsinə daxil olmaqla Avrasiyada yeni iri ticarət marşrutuna çevriləcək. Orta Dəhlizə daxil olan avtomobil və dəmir yolları, hava və dəniz limanları, körpülər və digər infrastruktur layihələri region ölkələri arasında qarşılıqlı əlaqələri və insan birliyini gücləndirir. Bu dəhlizdən istifadə edən dövlət və özəl sektor nümayəndələri dünya bazarlarına daha geniş çıxış imkanı əldə edir, ticarət dövriyyəsini artırır və iqtisadi inkişafı sürətləndirirlər. Çin, Avropa İttifaqı və ABŞ kimi böyük iqtisadi güclər bu beynəlxalq nəqliyyat marşrutunu yaxından dəstəkləyir və onun inkişafını regionun sabitliyi və iqtisadi inteqrasiyası baxımından mühüm əhəmiyyə tkəsb etdiyini vurğulayırlar. Türkiyə Cümhuriyyəti Diplomatiya və Strateji Araşdırmalar Mərkəzinin (DASAM) sədri, beynəlxalq münasibətlər üzrə ekspert Mehmet Gökhan Özçubukçu mətbuata açıqlamasında bildirib ki, Orta Dəhliz Mərkəzi Asiya ilə Avropa arasında enerji və nəqliyyat əlaqələrinin qurulmasında mühüm körpü funksiyasını yerinə yetirən Azərbaycanın geostrateji əhəmiyyətini daha da artırır: “Çindən başlayaraq Mərkəzi Asiya, Xəzər dənizi, Cənubi Qafqaz və Türkiyə üzərindən Avropaya uzanan bu marşrut qlobal ticarət və enerji daşımaları üçün alternativ yol yaradır. Bu isə Azərbaycanı Avrasiyanın mühüm logistika və strateji bağlantı mərkəzlərindən birinə çevirir. Bakıda keçirilən beynəlxalq forumlarda enerji təhlükəsizliyi məsələlərinin müzakirəsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Çünki enerji təhlükəsizliyi yalnız iqtisadi məsələ deyil, həm də geosiyasi rəqabət, infrastruktur təhlükəsizliyi və regional əməkdaşlıq mexanizmləri ilə sıx bağlıdır”.

Bütün bunların fonunda bir daha demək olar ki, Orta Dəhliz ticarət yollarını şaxələndirməklə yanaşı, iqtisadi artıma, yeni tərəfdaşların tapılmasına və iqtisadi əməkdaşlıq əlaqələrinin artmasına böyük imkanlar yaradacaq. 

Zahid Rza, “İki sahil”