19 mart 2026 15:55
235

Şəhidin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib

19 martda Masallı rayon Ərəb kənd orta məktəbində lokal antiterror tədbirləri zamanı şəhid olmuş Daxili Qoşunların hərbi qulluqçusu Sahil Babayevin xatirəsinə həsr olunmuş  anım tədbiri keçirilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Sarıbala Babayev oğlunun ömür yolundan, döyüş fəaliyyətindən danışıb.

“İki sahil” xəbər verir ki,  32 yaşında şəhid olan Sahil ailənin yeganə oğul övladı olub. 2023 cü il sentyabrın 19-u Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribatlar zamanı Ağdərə rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən 12 nəfər döyüş yoldaşı ilə birgə şəhid olub. 

Belə, qısa bir ömür hekayəsi! Şəkillərinə baxırıq, yaddaşdakı unudulmaz anlara boylanırıq, təsəlli üçün nəsə deməyə adamın dili də gəlmir. İndi ondan geriyə qalan işıqlı xatirələrdir, bir də igidliyinə görə təltif edildiyi "Vətən uğrunda" medalı! Bir də əbədiyyət! Qürur tariximizin ayrılmaz parçası olması faktı!

Tədbirdə şəhid ailələri, ziyalılar, kənd sakinləri iştirak ediblər. Şagirdlər tərəfindən səsləndirilən şeirlər, şəhid haqqında olan çıxışlar tədbirə duyğusal rənglər qatıb.  Şəhidimizin övladlarının ifasında səslənən “Mənim atam qəhrəmandır” mahnısı isə hər kəsə kövrək anlar yaşadıb.

Sahil Babayev 1992-ci ildə Masallı rayonun Ərəb kəndində anadan olub. Gəncə şəhərində N saylı hərbi hissədə qulluq edirdi. Ailəli idi, Vətənə yadigar 3 övladı (Samir, Elçin və Nilay) qalıb.