Bu gün ölkəmizin azadlığı, müstəqilliyi, inkişafı naminə bütün ömrünü fəda edən dünya şöhrətli bir şəxsiyyətin anım günüdür. Bu səbəbdən də millətimiz ümummilli lider Heydər Əliyevi böyük sevgi ilə anır.
Bu fikri AZƏRTAC-a müsahibəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AQAC) vitse-prezidenti Qafar Əsgərzadə deyib.
“Heydər Əliyevin Azərbaycan tarixindəki rolunu bir vətəndaş olaraq yüksək dəyərləndirirəm. Azərbaycan bugünkü yüksək tərəqqiyə, inkişafa onun sayəsində nail olub. Ulu Öndər ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanı düşdüyü böhrandan çıxararaq dünya dövlətləri sırasında söz sahibi etdi. Heydər Əliyevin ən böyük xidmətlərindən biri də yeni əsrimizin lideri İlham Əliyev kimi siyasətçini bizə bəxş etməsidir”, - deyə həmsöhbətim vurğulayıb.
O bildirib ki, hələ ölkəmiz üçün çox ağır olan 1994-cü ildə ümummilli lider Heydər Əliyev AQAC-ın fəaliyyətinin təşkil edilməsi və onun milli struktur kimi tanınması barədə xüsusi Sərəncam imzalamışdır. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin hər zaman Ulu Öndərin diqqət və qayğısı ilə əhatə olunduğunu söyləyən Q.Əsgərzadə bildirib ki, Heydər Əliyev AQAC-ın fəxri üzvü olub və hər zaman da olaraq qalacaq. Bu gün AQAC nümayəndələri Fəxri xiyabana minnətdarlıq və qürur hissi ilə gəliblər.