12 dekabr 2016 21:54
977

Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi anıldı

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasının 13-cü ildönümü ilə əlaqədar  Pirallahı rayonunda silsilə tədbirlər keçirilir, rayonun idarə, müəssisə və təşkilatlarında, səhiyyə və təhsil ocaqlarındakı tədbirlərdə Ulu Öndərimizin əziz xatirəsi dərin hörmət və ehtiramla anılır.

“İki sahil” xəbər verir ki, Pirallahı rayonunda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 350 nəfər rayon sakininin, o cümlədən şəhid ailələri, Qarabağ əlilləri, rayonda məskunlaşmış məcburi köçkünlərin iştirakı ilə anım mərasimi keçirilib və ehsan süfrəsi açılıb. Anım mərasimində ümummilli liderin müstəqil dövlətimizin qurulması və möhkəmləndirilməsi sahəsində çoxşaxəli və yorulmaz fəaliyyətindən, Azərbaycanın inkişafında misilsiz xidmətlərindən söz açıldı.

Pirallahı rayon Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədov ümummilli lider Heydər Əliyevin hər kəsin qəlbində özünə ədədi bir abidə ucaltdığını vurğuladı. Qeyd etdi ki, bu gün müstəqillik yolunda inamla irəliləyən Azərbaycanın qazandığı böyük uğurlar məhz ulu öndər Heydər Əliyev dühasının bəhrəsidir: “Hər birimizin əbədiyaşar Ulu Öndərə bugünkü firavan həyat, xoş gələcəyimiz üçün borcu çoxdur. Azərbaycanın 1969-cu ildən başlayan, 30 ildən artıq davam edən bir dövrünə təsadüf edən ən yeni tarixi, həmin illər ərzində müstəqil dövlət kimi ölkəmizin və xalqımızın taleyi, ölkə həyatının bütün sahələrində nail olunan uğurlar böyük siyasətçi Heydər Əliyevin adı, yüz illərə hesablanmış ideyaları ilə bağlıdır. Həmin illər Azərbaycan tarixinin Heydər Əliyev dövrü kimi qiymətləndirilir. O, ümummilli lider Heydər Əliyevin qətiyyəti və uzaqgörənliyi sayəsində Azərbaycanda ictimai-siyasi sabitliyə nail olunduğunu, dövlətçiliyimizin məhv olmaq təhlükəsindən xilas edildiyini vurğuladı. Ulu öndərin hakimiyyəti dövründə respublikamızın hərtərəfli tərəqqisində misilsiz nailiyyətlər qazanıldığı, habelə ölkəmizin yüksək iqtisadi inkişaf tempi ilə irəliləməsinin məhz Heydər Əliyev əməyinin nəticəsi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı”.

Tədbirin sonunda rayon ziyalıları bir daha ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizin artıq dünyanın lider dövlətlərindən, regionun iqtisadi və siyasi mərkəzlərindən biri olduğunu qeyd etdilər və bildirdilər ki, bu siyasi kursun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daha da işıqlı gələcəyə doğru inamla irəliləyir.

Anım mərasimi zamanı ümummilli lider Heydər Əliyevin ruhuna dualar oxundu.

Məhərrəm Ağalaroğlu