Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb.
“İki sahil” xəbər verir ki, bu barədə BŞTİ-dən məlumat verilib.
Bildirilib ki, məktəblərə şagird qəbulu sərbəst formada və prioritetə (üstünlük hüququ) əsasən aparılacaq. Sərbəst formada şagird qəbulu aparılacaq ümumi təhsil müəssisələrinə valideynlər şəxsi kabinet vasitəsilə məktəb və müəllim seçimini birbaşa edəcəklər. Prioritet (valideyn və ya uşağın məktəbin müəyyənləşdirilmiş ərazisinə (dislokasiya) qeydiyyatı olmalı, bacı-qardaşı həmin məktəbdə hazırda təhsil almalı, valideynlərindən biri həmin məktəbdə çalışmalı) üzrə valideynlər isə ilk növbədə müəyyən edilmiş müddətdə (Azərbaycan bölməsi üzrə 6 may-4 iyun 2026-cı il, tədrisi digər dillərdə aparılan bölmələr üzrə isə 17 iyun-16 iyul 2026-cı il tarixlərində) üstünlük hüquqlarından biri əsasında sorğu yerləşdirə bilərlər. Prioritetlərin tətbiqi yaşayış sıx olan ərazilərdə valideynlərin məktəb seçimini asanlaşdırmaq məqsədlərinə xidmət edir.
Qeyd edək ki, müvafiq müddət başa çatdıqdan sonra üstünlük hüququ tətbiq olunan məktəblərdə boş qalan şagird yerlərinə sərbəst qəbul (tədrisi digər dillərdə olan və müsabiqə yolu ilə qəbul aparılan liseylər istisna olmaqla) aparılacaq.