01 aprel 2026 00:36
97

Nikol Paşinyan özünə rəqib tanımır

Ermənistan müstəqillik qazandığı dövrdən bəri ilk dəfədir ki, Azərbaycanla tam sülhə nail olub. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan özünün "Facebook" səhifəsində paylaşdığı müraciətində bildirib. O vurğulayıb ki, 2025-ci il Ermənistanın Azərbaycanla atışmalar nəticəsində itki vermədiyi ilk təqvim ilidir: “2024-cü ilin fevralından bəri sərhəddə ölüm və yaralanma halı qeydə alınmayıb". Nikol Paşinyan əvvəlki dövrləri "sülh" deyil, "müharibənin təxirə salınması" adlandırıb və həmin vaxtlarda hər il yüzlərlə itki verildiyini xatırladıb. Baş nazir, həmçinin bildirib ki, iki ölkə arasında sülh artıq de-yure əsasa malikdir.  Sonda N. Paşinyan Ermənistan vətəndaşlarını əldə olunmuş sülhə sahib çıxmağa çağırıb. Bu da səbəbsiz deyil. Çünki o, yaranmış mövcud vəziyyəti Ermənistanın milli təhlükəsizliyinin əsas təminatı hesab edir. Onun fikrincə, Azərbaycanla artıq əldə olunmuş sülhə bağlı razılaşmaların yenidən "nəzərdən keçirilməsi"nə yönəlmiş cəhdlər Ermənistan üçün olduqca ciddi təhlükəsizlik riskləri yarada bilər.

Yeri gəlmişkən qeyd edək ki, baş nazir Nikol Paşinyanla yanaşı, Ermənistan parlamentinin sədri Alen Simonyan və digərləri də son vaxtlar verdikləri açıqlamalarda buna oxşar fikirlər səsləndirməkdədirlər. Sülh artıq Ermənistanın iqtisadi, ictimai və sosial həyatına çox müsbət təsir göstərdiyini vurğulayan bu şəxslər hətta bölgədə tamamilə yeni ab-havanın formalaşdığını da təqdir edirlər.

Amma bütün bunları həzm edə bilməyən, seçkilər ərəfəsində fəallaşan, Nikol Paşinyanın atdığı addımları özlərinə məxsus şəkildə şərh edən, daha doğrusu, onun sülh ritorikasına qarşı çıxan ərazi iddialı revanşistlər hələ də öz ampluasındadırlar. Hətta həm keçmiş cinayətkar xunta rəhbərləri, onların nəzarətindəki siyasi qüvvələr, həm də terror yuvası kimi tanınan, daim qonşu xalqlar arasında sülhü-barışığı deyil, düşmənçiliyi, nifrəti təbliğ edən Erməni Apostol kilsəsi Paşinyanı devirmək, başqa sözlə, sülhə mane olmaq üçün birləşməkdədirlər.  Hətta onlara xidmət edən qüvvələr yeni nağıllar uydurmaqdadırlar. Məsələn, “Çiçəklənən Ermənistan” Partiyasının sədri Edmon Marukyan Ermənistanın daxilində yeni bir “Azərbaycan” yaradılması üçün hazırlıq getdiyini iddia edib. Şübhəsiz, bu kimi addımlar sadə erməni vətəndaşlarını ələ almağa xidmət edir.

Halbuki hazırda Ermənistanın taleyi ancaq sülhdən asılıdır. Amma revanşistlər bu adi həqiqəti anlamaq istəmirlər. Hətta Xocalı canisi Robert Koçaryan, Rusiyaya bağlı milyarder Samvel Karapetyan və hakimiyyətə qarşı blok yaratmış digər zəngin iş adamı Qaqik Tsarukyanın rəhbərlik etdiyi siyasi qüvvələr hakimiyyətə gələcəkləri təqdirdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinə yenidən baxacaqlarına eyham vururlar.  

Bir sözlə, seçkilər günü yaxınlaşdıqca hakimiyyət və “ləyaqətli sülh” iddiasında olan radikal-revanşist qüvvələr arasında mübarizə daha amansız xarakter almaqdadır. Hazırda Paşinyan hakimiyyəti ilə Rusiyaya bağlı milyarder Samvel Karapetyanın siyasi komandası arasında kəskin qarşıdurma yaşanmaqdadır. Hətta “Güclü Ermənistan" Partiyasının üzvü Alik Aleksanyan "Partiyamızın qurultayında elan etdiyimiz proqramla Samvel Karapetyan Ermənistanın növbəti baş naziri olacaq" deyib. Yeri gəlmişkən qeyd edək ki, Ermənistanda fəaliyyət göstərən “Məlumatlı Vətəndaşlar” adlı QHT-nin koordinatoru Daniel İoannisyan Rusiyanın hədəfinin Ermənistanda hakimiyyət çevrilişi və ya baş naziri Nikol Paşinyanı devirmək olduğunu bildirib. O, eyni zamanda bəyan edib ki, hətta Rusiya Ermənistanda keçiriləcək parlament seçkilərinin nəticələrinə təsir göstərmək üçün İrəvana qarşı hibrid müharibəyə başlayıb.

Bu da bir həqiqətdir ki, artıq sadə erməni vətəndaşları da dərk edirlər ki, iqtisadi tərəqqinin yeganə açarı sülhdür. Revanşist düşüncə, qonşulara qarşı saxta iddialar ölkənin bu gününə və gələcəyinə yaxşı heç nə vəd etmir. Bu mənada demək olar ki, sadı ermənilərin əldə olunmuş sülhə sahib çıxacaqları şəksizdir.

Elə bu səbəbdən Nikol Paşinyanın komandası bu il 7 iyunda keçiriləcək parlament seçkilərində də qalib gələcəklərinə əmindir. Hətta “Ermənistan vətəndaşları sülhə görə minnətdardırlar, onlar özlərini təhlükəsiz hiss etdiklərini söyləyirlər” deyən hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Hasmik Akopyan bildirib ki, iyun seçkiləri son inqilab olacaq, keçmiş hakimiyyət nümayəndələri darmadağın ediləcək.

Xatırladaq ki, verilən məlumata görə, aprelin 13-də parlement seçkilərinə namizədlərin irəli sürülməsi kampaniyası başlayacaq və aprelin 23-də bu mərhələ bitəcək. Ardınca təbliğat kampaniyası və iyunun 7-də səsvermə olacaq.

Qvami Məhəbbətoğlu, “İki sahil”