YAP Yasamal rayonu, Süleyman Vəzirov 91 ərazi ilk partiya təşkilatının seçki yığıncağı keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayonu, Süleyman Vəzirov 91 ərazi ilk partiya təşkilatının (Kənd Təsərrüfatı Nazirliyi) seçki yığıncağı keçirilib. “İki sahil” xəbər verir ki, tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yaranma tarixindən bəhs edib, partiyanın Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsində və inkişafında roluna toxunub. Nazir müavini bildirib ki, öz gücünü xalqın dəstəyindən alan Yeni Azərbaycan Partiyası ölkəmizdə davamlı islahatların həyata keçirilməsi, ictimai-siyasi sabitliyin qorunması, Azərbaycanın inkişafı, dövlət müstəqilliyinin güclənməsi və ölkəmizin beynəlxalq nüfuzunun artmasında mühüm rol oynayıb.
Zaur Əliyev vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu və Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs ölkəmizin davamlı inkişafının etibarlı təminatçısıdır. Nazir müavini əlavə edib ki, bu siyasət ölkəmizdə sabitliyin möhkəmlənməsinə, iqtisadi tərəqqinin sürətlənməsinə və sosial rifahın yüksəlməsinə xidmət edir. Ötən dövrlər ərzində görülən işlər barədə məlumat verən nazir müavini təşkilatın partiyanın bütün işlərində aktiv iştirak etdiyini qeyd edib.
Toplantıda çıxış edən Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin fədakar əməyi sayəsində dinamik iqtisadi inkişafa nail olunub, Azərbaycan iqtisadi inkişaf göstəricilərinə görə keçmiş ittifaq respublikalarını xeyli qabaqlayıb. YAP rəsmisi əlavə edib ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi və həyata keçirdiyi siyasət müasir Azərbaycanda davamlı inkişafa zəmin yaradıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyanın bu gün gördüyü işlərdən, YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafına verdiyi töhfələrdən danışıb, Kənd Təsərrüfatı Nazirliyi üzrə ərazi ilk partiya təşkilatının seçki yığıncağının iştirakçılarına fəaliyyətlərində uğurlar diləyib.
Yığıncaqda YAP Yasamal rayonu, Süleyman Vəzirov 91 ərazi ilk partiya təşkilatına yeni sədr və müavinin seçilməsi məsələsinə baxılıb. Təşkilatın sədr postuna kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyevin namizədliyi irəli sürülüb. Səsvermə nəticəsində Zaur Əliyev ərazi ilk partiya təşkilatının sədri, Nazirliyin Elm, təhsil və insan resursları şöbəsinin müdiri Fərid Nəcəfov isə onun müavini seçilib.
YAP Yasamal rayonu, Süleyman Vəzirov 91 ərazi ilk partiya təşkilatının sədri seçilən Zaur Əliyev əlavə edib ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən partiya ilə işin mütəşəkkil qurulması, əlamətdar günlərin qeyd edilməsi və mühüm tədbirlərdə aktiv iştirakın təmin edilməsi, eləcə də gənclərə vətənpərvərlik, dövlətçilik və azərbaycançılıq ideologiyasının aşılanması istiqamətində növbəti illərdə də ardıcıl və məqsədyönlü tədbirlər görüləcək.