07 aprel 2026 17:01
157

Azərbaycan və Gürcüstan Avropa ilə Asiya arasında etibarlı körpü rolunu oynayır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana həyata keçirdiyi dövlət səfəri iki dost və strateji tərəfdaş ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ hesab edilir. Bu səfər, eyni zamanda Cənubi Qafqaz regionunda sabitliyin, təhlükəsizliyin və çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Tarixi köklərə əsaslanan Azərbaycan–Gürcüstan münasibətləri bu gün qarşılıqlı etimad, siyasi iradə və ortaq maraqlar əsasında uğurla inkişaf edir. İki qonşu ölkə arasında əlaqələrin bütün sahələrdə inkişafı da məhz bu günkü reallığın təmin edilməsi üçün zəmin yaradıb.

“İki sahil” xəbər verir ki, bu fikirləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, səfər çərçivəsində Prezident İlham Əliyevin Gürcüstanın ali rəhbərliyi ilə keçirdiyi görüşlərdə ikitərəfli əlaqələrin geniş spektri ətrafında ətraflı fikir mübadiləsi aparılıb: “Bu xüsusda Azərbaycanla Gürcüstan arasında siyasi dialoqun yüksək səviyyədə olduğu qeyd olunub. Həmçinin hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini daim dəstəklədikləri vurğulanıb. Eyni zamanda dövlət başçılarının görüşlərində regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasının vacibliyini ön plana çəkilib. Bu mənada birgə səylərin artırılmasının əhəmiyyəti qeyd olunub.

Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq məsələləri xüsusi ilə vurğulanıb və bu amilin regionun iqtisadi xəritəsini dəyişən iri enerji və nəqliyyat layihələrinin dəyişməsi fonunda baş verdiyi diqqətə çatdırlıb. Bu bir reallıqdır ki, mövcud olduğu regionda iqtisadi layihələrin əsas təşəbbüskarı və əsas iştirakçısı, aparıcı qüvvəsi Azərbaycandır. Burada xüsusilə Cənub Qaz Dəhlizi, Bakı–Tbilisi–Ceyhan neft kəməri və Bakı–Tbilisi–Qars dəmir yolu kimi layihələrin regionun enerji təhlükəsizliyində və tranzit potensialının artırılmasında oynadığı rol yüksək qiymətləndirilir. Bu layihələr sayəsində Azərbaycan və Gürcüstan Avropa ilə Asiya arasında etibarlı körpü rolunu daha da möhkəmləndirib”.

Deputat həmçinin Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin artırılması, investisiya mühitinin yaxşılaşdırılması və yeni iqtisadi sahələr üzrə əməkdaşlığın genişləndirilməsi imkanlarının mövcud olduğunu qeyd edib: “Xüsusilə energetika, nəqliyyat-logistika, kənd təsərrüfatı və rəqəmsal iqtisadiyyat sahələrində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində konkret addımların atılması bu gün labüddür. Eyni zamanda qarşılıqlı investisiyalar hər iki ölkənin iqtisadi inkişafına mühüm töhfə verir ki, bu da əməkdaşlığın daha da sıxlaşmasına zəmin yaradır. İki qonşu ölkə arasında humanitar sahədə də əməkdaşlıq hər zaman diqqət mərkəzində olub. Burada xalqlar arasında mövcud olan tarixi dostluq və mehriban qonşuluq münasibətlərinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi kimi vacib amillər də mühüm əhəmiyyət kəsb edir. Həmçinin təhsil, elm, mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi, tələbə mübadiləsi proqramlarının artırılması və birgə mədəni tədbirlərin təşkili məsələləri da qarşıdakı dövr üçün əsas hədəflər sırasındadır.

Azərbaycan və Gürcüstan liderlərinin görüşlərində də bütün bu məsələlərlə yanaşı regional və beynəlxalq proseslər ətrafında geniş fikir mübadiləsi aparılıb. Tərəflər beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin vacibliyini vurğulayaraq, dövlətlərin suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsinin önəmini bir daha qeyd ediblər”.

Sevinc Hüseynova vurğulayıb ki, Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri çərçivəsində verilən bəyanatlar və əldə olunan razılaşmalar iki ölkə arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini göstərir: “Sözsüz ki, bu əməkdaşlıq yalnız iki ölkənin milli maraqlarına deyil, bütövlükdə regionun rifahına və sabitliyinə xidmət edir. Nəticə etibarilə, bu dövlət səfəri Azərbaycan–Gürcüstan strateji tərəfdaşlığının daha da möhkəmlənməsinə, qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə və regionda uzunmüddətli sabitliyin təmin olunmasına mühüm töhfə kimi tarixə düşür. Hər iki ölkə gələcəkdə də bu əməkdaşlığı davam etdirmək və yeni uğurlara imza atmaq əzmindədir”.