Bu mövzuda Dövlət İmtahan Mərkəzinin 10 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib
Konfransdan öncə Dövlət İmtahan Mərkəzinin rəhbərliyi və kollektivi Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Kollektivin üzvləri ulu öndər Heydər Əliyevin məzarı önünə əklil qoyub və onun xatirəsini ehtiramla yad ediblər. Sonra Mərkəzin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarını ziyarət edib.
Konfransın keçirilməsində əsas məqsəd təhsilin qiymətləndirilməsi və dövlət qulluğu sahəsində əldə olunmuş nailiyyətlərin və təcrübənin paylaşılması, eyni zamanda müvafiq istiqamətlər üzrə aktual məsələlərlə bağlı müzakirələrin aparılmasıdır. Konfransın işində Azərbaycanla birgə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Misir, Cənubi Afrika Respublikası və Keniyadan, eləcə də müxtəlif beynəlxalq təşkilatlardan ümumilikdə 200-dən artıq nümayəndənin iştirak edib. Konfransın rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra Mərkəzin 10 illik yubileyinə həsr olunan videoçarx nümayiş etdirilib.
Konfransı giriş sözü ilə açan Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə qonaqları salamlayıb və bu 10 ilin milyonlarla vətəndaşımızın həyat yolunun ayrılmaz hissəsinə çevrilmiş bir təşkilatın inkişafında mühüm mərhələ olduğunu qeyd edib. Ancaq sədr tariximizin yalnız bu 10 ildən ibarət olmadığını, onun xeyli əvvəl – ölkədə subyektiv qərarlara deyil, biliklərə əsaslanan qiymətləndirmə sisteminin yaradılması lehinə prinsipial siyasi seçimin edildiyi andan başladağını vurğulayıb. “Hələ Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən uzaqgörən strategiyaya əsaslanaraq, biz bu seçimi konkret institusional qərarlarla reallaşdırmışıq.
Sədr Birinci vitse-prezident Mehriban xanım Əliyevanın milli təhsilin inkişafına və gənclərə dəstək üçün verdiyi əvəzsiz töhfələri xüsusi qeyd edib. “Onun təhsil mühitinin modernləşdirilməsi təşəbbüsləri humanist və ədalətli qiymətləndirmə sistemini yaratmağımız üçün bizə güclü bir stimul verib” – deyə sədr bildirib. Sədr əlavə edib ki, biz cəmiyyətlə ən vacib məsələdə razılığa gəlmişik: qiymətləndirmə mexanizmlərini daim təkmilləşdirərək istedadlara yol açır və ədalət prinsipinin təntənəsini təmin edirik.
M.Abbaszadə son 10 il ərzində imtahan zallarından 6 milyondan çox insanın keçdiyini və bunun sadəcə statistika deyil — bütöv bir nəslin təhsil və həyat trayektoriyası olduğunu, DİM-in artıq universitetə qəbul olmaq üçün seçim mexanizmi olmaqdan çıxıb ədalət infrastrukturunun mühüm elementinə çevrildiyini qeyd edib. Sədr həmçinin konseptual baxışlarının şəxsiyyətin kompleks qiymətləndirilməsinə – yəni “Holistic Assessment”ə yönəldiyini “Yüksəliş” və digər layihələrdə koqnitiv qabiliyyətlər, sosial kompetensiyalar, emosional zəka və psixoloji adaptivliyi qiymətləndirməyə imkan verən alətlərin artıq uğurla tətbiq olunduğunu vurğulayıb.
Bundan əlavə, sədr DİM-in qlobal qiymətləndirmə sisteminin bir hissəsi olduğunu, eyni zamanda öz koqnitiv suverenliyimizi qoruyub gücləndirdiyimizi, ADSİ (Azərbaycan dili üzrə Sertifikasiya İmtahanı) kimi milli standartların işlənib hazırlanması, öz kompetensiya modellərimizin yaradılmasını beynəlxalq peşəkar dialoqa verdiyimiz töhfə kimi istirakçıların diqqətinə çatdırıb.
M.Abbaszadə çıxışının sonunda təşkilata göstərilən etimada və hərtərəfli dəstəyə görə ölkə rəhbərliyinə təşəkkür edib və tərəfdaşlara, dövlət qurumlarına, təhsil müəssisələrinə, ekspert icmasına və uzun illərdir DİM-in qiymətləndirmə sisteminə etibar edən bütün vətəndaşlara, həmçinin bu həftə burada toplaşan və Bakını yenidən təhsilin qiymətləndirilməsi üzrə müzakirələr mərkəzinə çevirən hər kəsə minnətdarlığını bildirib.
Daha sonra çıxış edən elm və təhsil naziri Emin Əmrullayev Bakıda qiymətləndirmə sahəsində bu cür beynəlxalq tədbirin təşkilinin əhəmiyyətini vurğulayıb və ölkəmizdəki mərkəzləşdirilmiş imtahan modelinin şəffaflıq və iştirakçılar arasında rəqabət yaratması baxımından həlledici rolunu qeyd edib. E.Əmrullayev konfransın təhsilin qiymətləndirilməsi sahəsində ən yaxşı təcrübələrimizi bölüşmək və qarşılaşdığımız ümumi problemləri müzakirə etmək üçün əlverişli platforma olacağına inandığını bildirib. “Dövlət İmtahan Mərkəzi vətəndaşlar haqqında ən geniş informasiyaya malik bir qurumdur. Əminəm ki, bu gün bu zalda əyləşənlərin çoxu vaxtı ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının və ya Dövlət İmtahan Mərkəzinin imtahanlarından keçən şəxslərdir. Azərbaycan xalqı və dövləti qarşısında ədalətli imtahanların təşkili əldə olunmuş uğurlardan biridir. Qeyd etməliyəm ki, DİM tərəfindən keçirilən imtahanlar təkcə ali və orta ixtisas müəssisələrinə qəbul funksiyası daşımır. Həmin imtahanların nəticələri müəyyən təhlillər aparmaq və buna uyğun olaraq strateji qərarlar qəbul etməyə imkan yaradır” deyə nazir bildirib.
Türkiyənin Ölçmə, Seçmə və Yerləşdirmə (ÖSYM) Mərkəzinin prezidenti Bayram Əli Ərsoy bu gün burada Dövlət İmtahan Mərkəzinin yaradılmasının 10-cu ildönümünü qeyd etmək üçün bir araya gəlməkdən məmnun olduğunu qeyd edib və bu əlamətdar görüşün yalnız bir qurumun yubileyi deyil, eyni zamanda ölçmə və qiymətləndirmə sahəsində ortaq keçmişi və ortaq gələcəyi paylaşan qurumların görüşü kimi dəyərləndirib.
B.Ə.Ərsoy Dövlət İmtahan Mərkəzinin 1990-cı illərə gedib çıxan güclü təcrübəni institusional baxışla gələcəyə daşıyaraq, qısa müddət ərzində regional miqyasda nüfuzlu bir imtahan təşkilatına çevrildiyini qeyd edib. “DİM-in şəffaflıq, etibarlılıq və elmi əsaslara söykənən yanaşması bu gün hamımız üçün mühüm istinad nöqtəsidir. Konfransın mövzusu olan “Etimad, Şəffaflıq və İnnovativlik” yalnız DİM-in deyil, əminəm ki, burada təmsil olunan bütün imtahan mərkəzlərinin əsas missiyalarından biridir” – deyə ÖSYM rəhbəri vurğulayıb.
Növbəti çıxışçılar – Təhsildə Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın prezidenti Mafu Rakometsi, Astana Dövlət Qulluğu üzrə Regional Xabın sədri Alixan Baymenov, Qazaxıstan Dövlət Qulluğu Məsələləri üzrə Agentliyin sədr müavini Alibek Axmediyar, Özbəkistan Respublikası Prezidentinin yanında İdarəetmənin Səmərəliliyi Agentliyinin direktor müavini Muzaffar Akramov, Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi nəzdində Milli Test Mərkəzinin direktor müavini Talqat Niyazov, Özbəkistan Respublikasının Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyi yanında Bilik və Kvalifikasiyanın Qiymətləndirilməsi Agentliyinin baş direktorunun müşaviri Xayıtov Abduvoxob, Qazaxıstanın Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyinin direktoru Alina Zumaqulova konfransın təhsilin qiymətləndirilməsi və dövlət qulluğu sahəsində peşəkar mübadilə vasitəsinə çevriləcəyinə və stimullaşdırıcı rol oynayacağına əminliklərini ifadə ediblər.
Açılış mərasimində həmçinin Kolumbiya Universitetindən (ABŞ) Amra Sabik-El Rayessin “Süni intellekt dövründə qiymətləndirmə sistemlərinin qorumalı olduğu dəyərlər” mövzusunda videomüraciəti təqdim olunub.
Konfransda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin imtahan mərkəzləri arasında təhsildə qiymətləndirmə və imtahanların keçirilməsi sahəsində əməkdaşlığın gücləndirilməsi haqqında Niyyət Protokulu da imzalınıb.
Daha sonra konfransın əsas məruzəçisi Misir Prezident Şurasının Təhsil Komitəsinin sədri Hanan Xalifa “Süni intellekt dövründə qiymətləndirmə savadlılığı: İslahatların effektivliyini təmin edən bacarıqların formalaşdırılması” mövzusunda çıxış edib.
Açılışdan sonra yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə panel müzakirələr təşkil olunub. Müzakirələr müasir təhsil sistemində qiymətləndirmənin strateji rolu, kütləvi imtahanlar, rəqəmsallaşma dövründə kadr siyasəti və insan kapitalının inkişafı mövzularını əhatə edib.
Daha sonra müxtəlif mövzular üzrə sessiyalar keçirilib. Sessiyalarda yazı işlərinin qiymətləndirilməsi, beynəlxalq təcrübə, dillər üzrə qiymətləndirmə, yaradıcılıq və bacarıqların qiymətləndirilməsi, dövlət qulluqçularının seçimi, səriştə əsaslı qiymətləndirmə və elektron imtahan sistemləri ilə bağlı təqdimatlar dinlənilib. Sessiyalar çərçivəsində qiymətləndirmə meyarlarının təkmilləşdirilməsi, dillər və yaradıcılıq bacarıqlarının qiymətləndirilməsi üzrə yeni yanaşmaların tətbiqi imkanları müzakirə olunub. İştirakçılar beynəlxalq təcrübənin paylaşılması və elektron imtahan sistemlərinin inkişaf etdirilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Konfransın sonunda Dövlət İmtahan Mərkəzinin İdarə Heyəti sədrinin müavini Bəhrəm Xəlilov yekun çıxış edərək konfransda iştirak edən xarici ölkələrdən dəvət olunmuş qonaqlara, yerli iştirakçılara, məruzəçilərə və təşkilatçılara təşəkkürünü bildirib. O qeyd edib ki, tədbir çərçivəsində səsləndirilən fikir və təkliflər qiymətləndirmə sistemlərinin təkmilləşdirilməsi, şəffaflığın və etimadın gücləndirilməsi, eləcə də innovativ yanaşmaların tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır. B.Xəlilov konfransın gələcək əməkdaşlıqlar üçün yeni imkanlar yaradacağına və beynəlxalq təcrübə mübadiləsinin genişlənməsinə töhfə verəcəyinə inandığını ifadə edib.
Yaqut Ağaşahqızı, “İki sahil”