13 aprel 2026 09:30
197

Azərbaycanın İran ilə münasibətlərə verdiyi önəmin daha bir nümunəsi - ŞƏRH

ABŞ-İran müharibəsinin 40-cı günündə-aprelin 8-də 15 günlük müvəqqəti atəşkəs qərarı alındı. Tehran və Vaşinqton Pakistanın vasitəçiliyi ilə davamlı sülhün əldə edilməsi üçün İslamabadda müzakirələrə başlamaq üçün razılığa gəldilər. Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edərək atəşkəslə bağlı təbriklərini çatdırdı. Bununla da İranın Ali dini lideri Əli Xameneinin vəfatı ilə bağlı İran xalqına ilk başsağlığını verən, İran səfirliyinə gedərək bu münasibətini şəxsən ifadə edən, bu ölkəyə ilk humanitar yardım göndərən Prezident İlham Əliyev Azərbaycanın İrana olan dost münasibətini, ağır günlərdə onun yanında olduğunu bir daha nümayiş etdirdi. Həm də ölkəmizin regionda sabitliyin və qarşılıqlı etimadın qorunmasında maraqlı olmasını bütün dünyaya göstərdi. 

Azərbaycan yalnız bunlarla kifayətlənmədi. Belə ki, aprelin 12-də Azərbaycanın İran İslam Respublikasındakı səfirliyi də öz fəaliyyətini bərpa etdi. Şübhəsiz, Azərbaycan səfirliyinin İranda hərbi əməliyyatların dayandırılması və iki həftəlik atəşkəsin elan olunmasından qısa müddət sonra fəaliyyətini bərpa etməsi rəsmi Bakının qonşu və dost İran ilə münasibətlərə verdiyi xüsusi önəmin bariz nümunəsidir.

Xarici İşlər Nazirliyinin (XİN) məlumatına əsasən qeyd edək ki, səfirlik ilkin mərhələdə səfir daxil olmaqla, məhdud sayda diplomatik və inzibati heyət ilə fəaliyyət göstərəcək. Təhlükəsizlik və təşkilati məsələlər nəzərə alınaraq, səfirliyin fəaliyyətinin mərhələli şəkildə tənzimlənməsi planlaşdırılır.
Yeri gəlmişkən qeyd edək ki, bəzi dairələr baş vermiş hadisələr fonunda Bakı ilə Tehran arasında etimadsızlıq yaratmağa cəhdlər göstərirdilər.  Daha doğrusu, onlar Azərbaycandan İrana qarşı guya təhlükə yarana biləcəyi ilə bağlı iddialar səsləndirirdilər. Azərbaycan öz ərazisinin və hava məkanının hər hansı dövlət tərəfindən İrana qarşı hərbi məqsədlərlə istifadə olunmasına heç vaxt icazə verməyəcəyini də açıq şəkildə dəfələrlə bəyan etdi. Bir sözlə, söylənilən iddiaların heç bir əsası olmadığı üzə çıxdı. Yəni, Azərbaycandan İrana qarşı hər hansı təhlükə müşahidə olunmadı. Bununla da sübut olundu ki, regional gərginliklərin azaldılmasına hədəflənən addımlar, sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüslər beynəlxalq münasibətlər sistemində hər zaman sülhün və ədalətin tərəfdarı kimi çıxış edən ölkəmizin xarici siyasət kursunda başlıca yerlərdən birini tutur. Elə Azərbaycan Donald Trampın təsis etdiyi Sülh Şurasının təsisçi üzvlərindən biri olması da bunu bir daha təsdiq edir.

Bir məsələni də vurğulayaq ki, Tehran və Vaşinqton Pakistanın vasitəçiliyi ilə davamlı sülhün əldə edilməsi üçün aprelin 11-də İslamabadda müzakirələrə başlamaq üçün razılığa gəlmişdilər.   Təəssüf ki, 21 saat davam edən danışıqlar nəticəsiz başa çatıb. İslam Respublikası parlamentinin spikeri Məhəmməd-Baqer Qalibaf "X" sosial şəbəkəsində yazdığına istinadən qeyd edək ki, İranın İslamabaddakı danışıqlarda irəli sürdüyü sülh təşəbbüslərinə baxmayaraq, Amerika tərəfi Tehranın etimadını qazana bilməyib. ABŞ-ın vitse-prezidenti Cey. Di. Vens  İslamabadda İran nümayəndə heyəti ilə danışıqların yekunlarına dair keçirilən mətbuat konfransında bildirib ki, biz razılığa nail ola bilmədik...Bütün bunlara rəğmən, Pakistanın Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, İslamabad ABŞ və İran arasında dialoq qurulmasında vasitəçiliyə davam edəcək və hər iki tərəfin atəşkəs öhdəliklərini yerinə yetirəcəyini gözləyir.

Qvami Məhəbbətoğlu, “İki sahil”