13 aprel 2026 15:12
97

Həyat və mənəviyyat məktəbi

 “O, mənə sadəcə ömür-gün yoldaşı deyildi. O, mənə dost, dayaq idi. İşimin çətin olduğu bütün dövrlərdə ailəm haqqında çox rahat düşünürdüm. Çünki mənim Zərifə Əliyeva kimi sədaqətli, cəfakeş, fədakar ana olan ömür-gün yoldaşım var idi”.

Ulu Öndər Heydər Əliyev

Aprelin 15-i Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü akademik Zərifə xanım Əliyevanın anım günüdür. Zərifə xanım zəngin elmi irsi, fədakar həkim fəaliyyəti və insani keyfiyyətləri ilə yaddaşlarda əbədi iz qoymuşdur. Alimləri sabaha inamla, gələcəyə ümidlə yaşamağa ruhlandıran mənəviyyatca pak və nəcib insan, görkəmli şəxsiyyət olan Zərifə xanımın müqəddəs xatirəsi, ülvi insani kefiyyətləri, elmi fəaliyyəti təkrarsız bir insan olaraq hər zaman xatırlanır.

Zərifə xanım 1923-cü il aprelin 28-də Naxçıvan MR-nın Şərur rayonunun Şahtaxtı kəndində, görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır. Zərifə xanım Əliyeva 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə həmin institutu əla qiymətlərlə bitirir. Oftalmoloq peşəsinə yiyələnmək istədiyi üçün Moskva şəhərinə gəlir və Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ikiillik ixtisasartırma kursu keçərək, həkim-oftalmoloq ixtisasına yiyələnir.

Azərbaycanda bir sıra göz xəstəliklərinin geniş yayıldığı və traxoma deyilən dəhşətli bəlanın tüğyan etdiyi dövrdə Zərifə xanım “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyası müdafiə edir. Onun təklifi ilə yeni müalicə metodu tezliklə geniş təcrübi tətbiqini tapır və nəticədə, respublikada traxoma bir xəstəlik kimi ləğv edilir.

Sonrakı elmi fəaliyyətində Zərifə xanım “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, apardığı tədqiqatlar “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmologiya” və “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi dəyərli monoqrafiyalarda öz əksini tapmışdır. Onun elmi fəaliyyəti o qədər çoxşaxəli ve genişdir ki, zaman-zaman bu barədə danışmaq olar. Ümumilli liderimiz onun alim kimi fəaliyyətini belə səciyyələndirirdi: “Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur.   O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. On il keçsə də, onu bir dəqiqə belə unutmuram və unutmayacağam. Mənim övladlarım da bu əhval-ruhiyyədədirlər. Onlar bu əhval-ruhiyyə ilə tərbiyələniblər, formalaşıblar.” Ölkə başçısı cənab İlham Əliyev də anasının həkimlik fəaliyyətindən bəhs edərkən “Zərifə xanım sözün, əsl mənasında, böyük həkim idi” – deyə, fikir bildirmişdir.

Azərbaycan Respublikasının Prezidenti,Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev çıxışlarının birində: “Mən xoşbəxtəm ki, Zərifə xanım kimi anam olub” – deyə, öz hissini ifadə etmişdir.

İndi Zərifə xanımın ruhu şaddır. Ona görə ki, böyük məhəbbət və məsuliiyətlə boya-başa çatdırdığı oğlu – möhtərəm Prezidentimiz 44 günlük Vətən müharibəsində Azərbaycanın adını dünya tarixinə yazdı. İlk dəfə olaraq qətiyyətli və uzaqgörən, düzgün hədəflənmiş siyasətilə böyük sərkərdə, böyük lider İlham Əliyev torpaqlarımızın azadlığı və müdafiəsi uğrunda çəng elədi, xalq öz sərkərdəsinin yanında ordu oldu və ərazi bütövlüyümüzü təmin elədi.

Akademik Zərifə xanım Əliyevanın keçdiyi şərəfli və parlaq ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim, hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir. İnsanlara nur paylayan bu gözəl insanın, əziz ananın xatirəsi hər bir azərbaycanlı üçün əzizdir. Ondan geriyə qalan çox şey var, saysız – hesabsız elmi işlər, dərdlərinə dərman olduğu minlərlə insanın xeyir – duası, bitməz - tükənməz sevgisi. Görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın xatirəsi böyük ehtiramla yad edilir. Elmə sədaqət, insanlara sevgi və yüksək mənəvi dəyərlər Zərifə xanımın həyat fəlsəfəsinin əsasını təşkil edirdi və bu dəyərlər gələcək nəsillər üçün də örnək olaraq qalır. Zərifə xanımı böyük hörmətlə anır, əziz xatirəsini ehtiramla yad edirik!

Seyfəddin Əliyev,

YAP Masallı rayon təşkilatının sədri