13 aprel 2026 18:31
128

Ermənistan üçün kritik dönəm: Yeni lider kim olacaq?

Ermənistanda 7 iyun seçkiləri yaxınlaşdıqca daxili siyasi mühitdə kəskinləşmələr müşahidə edilir, iqtidarla müxalifət arasında qarşıdurma yeni fazaya qədəm qoyur. Müxalifət baş nazir Nikol Paşinyan hakimiyyətinə son qoymağı qarşısına məqsəd kimi qoyub. Bu proses təkcə taktiki seçki ittifaqları ilə məhdudlaşmır, həm də ideoloji və geosiyasi baxımdan fərqli platformaların konsolidasiyası cəhdi kimi çıxış edir. Heç şübhəsiz ki, burada əsas diqqətlər Rusiyaya yönəlib. Belə ki, Rusiyaya yaxınlığı ilə tanınan həmin ölkənin vətəndaşı, “Taşir” şirkətlər qrupunun rəhbəri, milyardlara sahib iş adamı Samvel Karapetyanın seçki kampaniyasında əsas fiqurlardan biri kimi görünməsi təsadüfi qəbul olunmur. Burada daha da irəli gedən iddialardan biri Rusiya Prezidenti Vladimir Putinin Samvel Karapetyanın siyasi səhnəyə çıxışı üçün dolayı və ya birbaşa təsir göstərməsi ilə bağlıdır. Onun həbsdən çıxaraq ev dustaqlığında qalmasında bilavasitə Kreml sahibinin əlinin olduğu da iddialar sıradındadır.

Bu günlərdə İrəvanda Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” Partiyasının izdihamlı mitinqi keçirilib. Qarşıdan gələn parlament seçkiləri ərəfəsində baş tutan bu aksiya Rusiyayönlü revanşist qüvvələrin güc nümayişi kimi qiymətləndirilir. İş adamı İrəvanın Azadlıq meydanında keçirilən mitinq iştirakçılarına göndərdiyi video müraciətində hakimiyyətə gələcəyi halda 300 min iş yeri yaradacağını, Rusiya ilə strateji müttəfiqliyi bərpa edəcəyini, diaspor ilə əlaqələri gücləndirəcəyini, kilsənin rolunu yenidən artıracağını vəd edib. Mitinq zamanı diqqətçəkən ən qalmaqallı məqam separatçıların “bayraq” adlandırdığı əski parçasının dalğalandırılması olub. Aksiyada iştirak edən erməni revanşistlər separatçı rejimin simvollarını nümayiş etdirərək sülh prosesinə qarşı çıxışlar edir və ölkədə hakimiyyət dəyişikliyi tələbini irəli sürürlər. Ekspertlər hesab edirlər ki, Moskvanın əsas namizədi hesab olunan Karapetyanın partiyası bu cür aksiyalarla həm xalqın hisslərini manipulyasiya etməyə, həm də Rusiya qarşısında öz sadiqliyini nümayiş etdirməyə çalışır.

Digər tərəfdən isə Ermənistanın daxili siyasətində uzun müddətdir Nikol Paşnyanla eks-prezidentlər, yəni Robert Koçaryan və Serjik Sarqsyan cinahı arasındakı qütbləşmə müəyyən yorulmalara səbəb olub. Ona görə də hazırda rusiyalı iş adamı, Kremlin təsir rıçaqı sayılan Samvel Karapetyan kimi bir fiqurla ittifaq boğulanın saman çöpündən yapışmasından başqa bir şey deyil. Bununla belə, eks-prezident Levon Ter-Petrosyanın lideri olduğu "Erməni Milli Konqresi"nin Karapetyanla yaxınlaşması seçiciyə bu ittifaqı radikal revanşistlərdən fərqli, daha rasional və praqmatik bir alternativ kimi təqdim etmək cəhdidir. Levon Ter-Petrosyanın Karapetyana yaxınlaşmasının digər səbəbi isə Rusiya faktoru və maliyyə dəstəyi ilə bağlıdır. Çünki Karapetyanın sadəcə milyarder iş adamı olmadığı, Kremlin Ermənistandakı iqtisadi maraqlarının əsas idarəçilərindən biri olması hamıya aydındır. Petrosyanın partiyası isə seçki kampaniyası kimi böyük vəsaitin lazım olduğu dövrdə məhz resurs qıtlığı çəkdiyi üçün Karapetyanla ittifaq qura bilər. Çünki iş adamının maliyyə imkanları ona reklam, təşkilatçılıq və seçki maşınını işə salmaq üçün lazım olan likvidliyi təmin edir. Əgər "Hayastan" blokunun da eks-prezident Robert Koçaryanı namizəd kimi irəli sürdüyü faktını da nəzərə alsaq, Kremlin Ermənistandakı seçkilərə çoxşaxəli yanaşdığını anlamış olarıq. Yəni, Moskva bu dəfə seçkilərdə bir nəfəri yox, bir neçə qüvvəni dəstəkləyəcək.

Baş nazir Nikol Paşinyana gəlincə.. iyunun 7-də keçiriləcək parlament seçkilərinə o, yaxasına Ermənistanın de-fakto xəritəsinin əksi olan rozeti taxaraq, “Real Ermənistan” şüarı və qonşularla normal münasibətlərin qurulması prinsipi ilə gedir. “Gallup International” təşkilatının bu ilin martında keçirdiyi sorğunun nəticələrinə görə, Ermənistan vətəndaşlarını ən çox təhlükəsizlik məsələləri narahat edir. Təşkilatın Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardyan keçirdiyi mətbuat konfransında sorğunun nəticələrini paylaşıb. Ölkənin üzləşdiyi ən aktual problemlərin nədən ibarət olduğunu soruşduqda respondentlərin 45,8 faizi təhlükəsizlik, 14,9 faizi işsizliyi, 13,5 faizi iqtisadi vəziyyəti, 10,7 faizi isə maaşların/pensiyaların aşağı olmasını qeyd edib. Bundan əlavə, bildirilir ki, sərhədlərin delimitasiyası məsələləri – 9,8 faiz, təhsil sistemi – 9,7 faiz, inflyasiya – 8,6 faiz, səhiyyə sisteminin vəziyyəti – 5,1 faiz, xarici siyasət məsələləri – 2,4 faiz, yüksək vergilər – 1,3 faiz, digər məsələlər isə 20,9 faiz vətəndaşları narahat edir. Deməli, “Gallup International”dan əvvəl Paşinyanın komandası elə Qərb texnoloqlarının iştirakı ilə ölkədəki ictimai rəyi yaxşıca öyrəniblər, passiv əhalinin də mövqeyini dəqiqləşdiriblər. Ermənistan əhalisinin böyük əksəriyyətinin müharibədən qorxduqlarını dəqiqləşdirdikləri üçündür ki, Nikol Paşinyan vaxtaşırı onların yadına yaxın keçmişin reallıqlarını, “Dəmir yumruğ”u salır, həmçinin “əgər Robert Koçaryan və rusiyayönümlü qüvvələr hakimiyyətə gəlsə, sentyabr ayında “dəhşətli müharibə” başlaya bilər və bu, Ermənistan üçün fəlakətli nəticələr doğura bilər” - xəbərdarlığını edir.

Sevinc Azadi, “İki sahil”