22 aprel 2026 14:32
156

Elçin Əmirbəyov Britaniyada Azərbaycanın Orta Dəhliz çərçivəsində geosiyasi və geoiqtisadi strateji rolunu müzakirə edib - FOTO

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Birləşmiş Krallığa işgüzar səfər edib.

Səfər çərçivəsində o, Birləşmiş Krallığın Baş nazirinin milli təhlükəsizlik məsələləri müşavirinin müavini Barbara Vudvord, Xarici İşlər, Birlik ölkələri və İnkişaf Nazirliyində siyasi direktor Edvard Livelin, müdafiə və təhlükəsizlik məsələləri üzrə direktor Conatan Allen, Şərqi Avropa və Mərkəzi Asiya departametinin direktoru Kris Allan, Böyük Britaniya Parlamentinin İcmalar Palatasının sədr müavini Nusrat Qani, Parlamentdə Azərbaycanla Dostluq Qrupunun sədri Bob Bləkmən, eləcə də bir sıra parlament üzvləri ilə görüşüb.

“İki sahil” xəbər verir ki,  görüşlər zamanı tərəflər Azərbaycan ilə Birləşmiş Krallıq arasında ikitərəfli münasibətlərin indiki durumu və inkişaf perspektivləri, ölkələr arasında keçən il elan edilmiş strateji tərəfdaşlıq ruhunda birgə atılacaq növbəti addımlar, habelə Cənubi Qafqazda və daha geniş regionda təhlükəsizlik məsələləri ətrafında ətraflı fikir mübadiləsi aparıblar. Həmsöhbətlər Baş nazir Keyr Starmerin Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirdiyi görüşü məmnunluqla xatırlayaraq, yüksək səviyyəli təmasların davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Tərəflər iki ölkə arasında siyasi, iqtisadi, ticarət, sərmayələr, enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, iqlim və ətraf mühit sahələrində əməkdaşlığın uğurla davam etdiyini qeyd edərək, yeni şəraitdə praktiki əməkdaşlıq üçün əlavə perspektiv sahələrin mövcud olduğunu qeyd edərək, münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsinin xüsusi əhəmiyyətini vurğulayıb. 

Yaxın Şərqdə gərginlik fonunda Birləşmiş Krallıq vətəndaşlarının İrandan təxliyəsi zamanı Azərbaycanın göstərdiyi dəstəyə görə bur daha minnətdarlıq ifadə olunub. Azərbaycanın Şərq–Qərb marşrutu və Orta Dəhliz çərçivəsində artan geosiyasi və geoiqtisadi strateji rolu xüsusi olaraq qeyd olunub və bu sahədə də ikitərəfli əməkdaşlıq üçün yaxşı imkanların mövcud olduğu dilə gətirilib. 

Parlamentdə danışıqlar zamanı tərəflər iki ölkə parlamentlərarası dialoqun daha da möhkəmləndirilməsi, bu kontekstdə parlament üzvlərinin qarşılıqlı səfərlərinin təşkili və həm ikitərəfli, həm də çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
Elçin Əmirbəyov britaniyalı həmsöhbətlərini Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinin cari vəziyyəti və perspektivləri barədə də məlumatlandırıb. O, ötən ilin avqust ayında Vaşinqtonda əldə olunmuş tarixi razılaşmaların əhəmiyyəti, ondan sonra qarşılıqlı etimadın qurulması və sülh gündəliyinin genişləndirilməsi istiqamətində müxtəlif sahələrdə atılan konkret addımlar barədə qarşı tərəfini məlumatlandıraraq, Azərbaycan tərəfinin Ermənistanla uzunmüddətli və dönməz sülhün bərqərar olunmasına sadiq qaldığını bildirmişdir. Bununla yanaşı, Prezidentin nümayəndəsi Ermənistanda cari il ərzində keçiriləcək parlament seçkilərinin və yeni konstitusiya üzrə referendumun nəticələrinin sülh sazişinin imzalanması və regionda uzunmüddətli, dayanıqlı sülhün təmin olunması baxımından həlledici rol oynayacağını bildirib.

Öz növbəsində, Birləşmiş Krallıq tərəfi Azərbaycan ilə Ermənistan arasında sülh prosesində müşahidə olunan müsbət dinamikanı yüksək qiymətləndirərək, Azərbaycan tərəfindən sülhün möhkəmləndirilməsi istiqamətində atılan praktiki addımları alqışlayaraq, sülh sazişinin qısa müddətdə imzalanacağına ümidvar olduğunu bildirib.

Səfər çərçivəsində Elçin Əmirbəyov Londonda yerləşən nüfuzlu beyin mərkəzi olan Strateji Tədqiqatlar üzrə Beynəlxalq İnstitutda (IISS) region üzrə ekspertlər, tədqiqatçılar və akademik dairələrin nümayəndələri iştirakı ilə keçirilən dəyirmi masada Azərbaycan–Ermənistan normallaşma prosesi və Cənubi Qafqazda regional təhlükəsizlik məsələləri barədə çıxış edib. Bundan əlavə, Prezidentin nümayəndəsi “The Guardian” və “Daily Express” media qurumlarına müsahibələr verib.