23 aprel 2026 16:25
169

Süni intellektin jurnalistikaya təsirindən əndişələnmək lazım deyil, sadəcə…

... Zamanla ayaqlaşmağa və adekvat fəaliyyət göstərməyə ehtiyac var

Son illərdə süni intellekt texnologiyalarının sürətli inkişafı media və jurnalistika sahəsində də ciddi müzakirələrə səbəb olub. Xəbər istehsalı, məlumatın emalı və kontentin hazırlanması prosesinə təsir edən bu texnologiya həm yeni imkanlar açır, həm də peşəkar standartların qorunması ilə bağlı suallar yaradır. Müasir media mühitində jurnalistin rolu, onun texnologiyalarla münasibəti və informasiya keyfiyyətinə nəzarət funksiyası daha da aktuallaşır.

Peşəkar jurnalist süni intellektlə hazırlanmış
xəbərin strukturunda səhvlər tapa bilirsə...

Bu kontekstdə Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid “İki sahil”ə açıqlamasında diqqətə çatdırıb ki, başlıca məsələ süni intellektdə deyil, bir yardımçı vasitə olaraq ondan daha səmərəli faydalanmaqdadır.

Peşəkar jurnalist süni intellektlə hazırlanmış xəbərin strukturunda səhvlər tapa bilirsə, deməli, heç də hər şey təqdim edildiyi kimi deyil. Hərçənd, bəzən mübaliğəyə yer verilir. Ona görə də jurnalistin peşəkar statusunda hansısa dəyişiklikləri istisna edirəm.

Jurnalistin peşəkar statusunda hansısa dəyişiklikləri istisna edirəm

Həmsöhbətim qeyd edib ki, klassik jurnalistika kimi anlam var. Bu bölgü və meyar var, bir qayda olaraq, özündə keçmişin nostalgiyasını daşıyır. Zamanında radio və televiziya da klassik jurnalistikaya yad ünsürlər sayılırdı. Ancaq bu gün telejurnalistikamızın klassikləri var. Hər halda, belə deyirik. Sözüm ondadır ki, müasir texnologiyaların jurnalistikaya təsirindən əndişələnmək lazım deyil. Sadəcə, zamanla ayaqlaşmağa ehtiyac var. Ayaqlaşmağa və adekvat fəaliyyət göstərməyə.

Yaqut Ağaşahqızı, “İki sahil”