Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) son dövrlərdə respublikada qaramalın 9-12 aylıq, qoyunların isə 3-5 aylıq yaşda kəsiminin yaratdığı risklərlə bağlı maarifləndirmə tədbirlərini davam etdirir.
“İki sahil” xəbər verir ki, agentlik tərəfindən həyata keçirilən kampaniya çərçivəsində fermerlər, heyvan sahibləri və ictimaiyyət üçün xüsusi maarifləndirici materiallar – buklet və flayerlər hazırlanıb. Hazırlanan materiallarda quzuların erkən yaşda kəsilməsinin həm iqtisadi, həm də bioloji baxımdan yaratdığı risklər, eləcə də bu praktikanın uzunmüddətli mənfi təsirləri ətraflı izah edilib.
Məlumatlandırma materiallarında qeyd olunub ki, quzuların erkən kəsilməsi nəticəsində əldə edilən ət tam formalaşmadığı üçün qida dəyəri aşağı olur. Eyni zamanda, bu hal heyvanların genetik potensialının zəifləməsinə, sürülərin məhsuldarlığının azalmasına və ölkədə ət istehsalının davamlılığına mənfi təsir göstərir.
AQTA vətəndaşları və fermerləri bu məsələdə məsuliyyətli olmağa, heyvandarlıq sahəsində sağlam və davamlı yanaşmaları tətbiq etməyə çağırır.
Qeyd edək ki, bugünədək kampaniyaya millət vəkilləri, ictimai şəxslər və tanınmış blogerlər də qoşularaq təşəbbüsü dəstəkləyib, quzuların erkən kəsiminin qarşısının alınmasının vacibliyini ictimaiyyətə çatdırıblar.