30 aprel 2026 23:29
122

Milli komandanın uğuru birlik, peşəkarlıq və güclü iradənin nəticəsidir

Prezident cənab İlham Əliyevin Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında birinci yeri tutan Azərbaycan güləşçilərini qəbul etməsi təkcə idman hadisəsi deyil, həm də dövlət siyasətinin mühüm istiqamətlərindən biri olan idman diplomatiyasının növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu görüş Azərbaycan idmanının əldə etdiyi uğurların siyasi, sosial və ideoloji müstəvidə yaratdığı təsirin sistemli şəkildə təqdimatı baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının çıxışında vurğulanan əsas məqamlar göstərir ki, müasir dövrdə idman artıq yalnız rəqabət meydanı deyil, eyni zamanda ölkələrin beynəlxalq imicinin formalaşmasında mühüm alətə çevrilib. Azərbaycan güləşçilərinin Avropa çempionatında həm sərbəst, həm də yunan-Roma güləşi üzrə komanda hesabında birincilik qazanması ölkənin idman potensialının yüksək səviyyədə olduğunu təsdiqləməklə yanaşı, milli idman məktəbinin dayanıqlı inkişaf modelini də nümayiş etdirir.

Cənab Prezident  tərəfindən qeyd olunduğu kimi, bu uğurun əsasında sistemli dövlət siyasəti, peşəkar məşqçi heyəti, düzgün qurulmuş seleksiya mexanizmi və güclü maddi-texniki baza dayanır. Son illərdə regionlarda inşa edilən Olimpiya İdman kompleksləri və müasir idman infrastrukturu ölkədə idmanın kütləviliyinin artmasına, gənc nəslin sağlam ruhda yetişməsinə və peşəkar idmançıların formalaşmasına mühüm töhfə verib. Bu isə nəticə etibarilə beynəlxalq arenada əldə olunan uğurların davamlılığını təmin edir. Diqqət çəkən digər mühüm məqam milli komandada hökm sürən birlik və sağlam mənəvi-psixoloji mühitdir. Prezidentin bu amili xüsusi vurğulaması təsadüfi deyil. Müasir idmanda fərdi ustalıqla yanaşı, komanda ruhu və daxili həmrəylik həlledici rol oynayır. Azərbaycan güləşçilərinin bir ailə kimi çıxış etməsi, qarşılıqlı dəstək və məsuliyyət hissi onların uğurlarını şərtləndirən əsas faktorlar sırasındadır. Eyni zamanda, dövlət başçısının çıxışında beynəlxalq yarışlarda bəzən müşahidə olunan ədalətsiz yanaşmalarla bağlı səsləndirilən fikirlər idman mühitində mövcud problemlərə real və praqmatik yanaşmanı əks etdirir. Bu kontekstdə idmançıların ləyaqətli davranış sərgiləməsinin vacibliyi vurğulanmaqla yanaşı, Azərbaycanın hər zaman ədalətli mübarizənin tərəfdarı olduğu bir daha diqqətə çatdırılır. Azərbaycanın beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi etməsi də ölkənin bu sahədə qazandığı institusional təcrübənin göstəricisidir.

Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və MDB Oyunlarının yüksək səviyyədə təşkili ölkənin həm təşkilati potensialını, həm də idmanın inkişafına verdiyi strateji əhəmiyyəti nümayiş etdirir. Bu amil, öz növbəsində, Azərbaycanın beynəlxalq idman məkanında etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Qadın güləşində əldə olunan nəticələrin ayrıca qeyd olunması isə gender balansının və idmanda inklüzivliyin təmin olunması istiqamətində görülən işlərin uğurlu nəticəsidir. Bu sahədə artan maraq gələcəkdə daha böyük nailiyyətlərin əldə olunacağını deməyə əsas verir. Ümumilikdə, Azərbaycan güləşçilərinin Avropa çempionatında qazandığı tarixi qələbə ölkədə həyata keçirilən məqsədyönlü idman siyasətinin məntiqi nəticəsidir. Bu uğur həm də milli həmrəyliyin, güclü iradənin və peşəkarlığın sintezini özündə əks etdirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, idman sahəsində qazanılan nailiyyətlər ölkənin ümumi inkişaf göstəricisi olmaqla yanaşı, gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasına da mühüm təsir göstərir. Beləliklə, əldə olunan nəticələr Azərbaycanın idman dövləti kimi mövqeyini daha da möhkəmləndirir və gələcək uğurlar üçün ciddi zəmin yaradır.

Mehriban Vəliyeva,

Milli Məclisin deputatı