01 may 2026 11:29
94

İdmanda uğurlar da dövlətçiliyə xidmətdir

Dövlət müstəqilliyinin bərpa olunması Azərbaycanda sosial həyatın bütün sahələrində yeni bir dövr yaratdı. Bu baxımdan idmanın inkişafı üçün də geniş imkanlar yarandı. Bu imkanlar dövlət qay­ğı­sı ilə əhatələnirdi. İdmançılar bundan sonra müstəqil Azərbaycanın bayrağı altında çıxış edə­cəkdi, qələbələr qazananda Azərbaycanın himni səsləndiriləcəkdi. Bu ovqat idmançıların vətənpərvərliyini də yüksəldəcəkdi, nəticə etibarilə cəmiyyətdə vətənpərvərlik duyğularının daha geniş miqyasda for­malaşmasının yeni mərhələsi başlayacaqdı.

Azərbaycanda da Olimpiya Komitəsi yaradılmışdı. Lakin onun fəaliyyəti istənilən, arzulanan nəticələri vermirdi. 1997-ci ildə Olimpiya Komitəsi yeni tərkibdə fəaliyyətə başlayandan sonra Azər­bay­canda idman dövlət siyasətinin tərkib hissəsi oldu. İdmançılarımız beynəlxalq yarışlarda, Avropa, dünya və Olimpiya Oyunlarıında uğurla çıxış etməyə başladı. İndi Azərbaycan dünyada idman dövləti kimi tanınır. Azərbaycanda neçə-neçə beynəlxalq yarış keçirilib. Bunlar həm idmanın dünyəviləş­mə­sinə Azərbaycanın xidməti deməkdir, həm də Azərbaycanın tanıdılması...

Bu il güləşçilərimiz Tiranada keçirilən Avropa birinciliyində uğurla çıxış etdi, 13 medal qazan­dı, komanda hesabında Avropa birinciliyinin qalibi oldu. Azərbaycan Respublikasının Prezidenti cə­nab İlham Əliyev yarışda itirak etmiş idmançıalrı və onların məşqçilərini qəbul edəndə qürurla dedi ki, “Milli komandamızı Tiranada keçirilmiş Avropa çempionatında qazandığı böyük qələbə müna­si­bətilə təbrik edirəm. Bu qələbə bizim hamımızı sevindirdi. Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər. Avropa çempionatında komanda hesabında birinci olmaq, əlbəttə ki, böyük nailiyyətdir. Xüsusilə nəzərə alsaq ki, bu gün həm dünyada, həm Avropada güləş üzrə müba­rizə daha gərgin keçir, bir çox ölkələrdən olan tanınmış güləşçilər böyük nəticələr göstərirlər və mü­ba­rizə də çox gərgin idi. Bəzi yarışları mən də izləmişəm və görmüşəm ki, bizim idmançılarımız öz peşəkarlığını göstərərək rəqibləri ədalətli mübarizədə məğlub etmişlər; - Bu, əlbəttə, bütün xalqımızı sevindirir və bir daha göstərir ki, güləşimiz uğurla inkişaf edir”.

Müəxəssislər güləşi Azərbaycan xalqının milli idman növü hesab edir. Güləş Azərbaycanda qə­dimlərdən yaranıb. Bu, mərhələlərlə inkişaf etdirilərək müasir səviyyəsinə çatıb. İndi idman mütə­xəs­sisləri azərbaycanlı güləşçiləri bütün yarışlarda fovorit hesab edirlər, bu gü­manlar yarışdan yarışa öz təsdiqini bir daha tapır. Tanınmış güləşçilərlə bərabər gənc güləşçilərimizin də uğurlar qazanma­sı­nı bu qəbulda da qeyd edən dövlət başçımız dedi: “Güləşimizin böyük ənənələri var və biz bu ənə­nə­ləri yaşadırıq. Şadam ki, tanınmış güləşçilərlə bərabər gənc güləşçilərimiz də böyük nəticələr əldə edirlər. Bu onu göstərir ki, məşq prosesi, seleksiya prosesi düzgün qurulubdur. Bu münasibətlə federasiyanı təbrik edirəm, məşqçiləri təbrik edirəm və əlbəttə ki, ilk növbədə, idmançıları; - Bizim bayrağımız qaldırılanda bütün Azərbaycan xalqı qürur hissi keçirir, sevinir. Bu qələbə sevincini idmançılarımız xalqımıza bəxş edir və bu da öz növbəsində gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün çox önəmli amildir”.

Nəsillərin dəyişdiyini, ancaq Azərbaycan idmanının uğurlarının dəyişmədiyini də qeyd edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirdi ki, “Həm Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlarında bizim idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edirlər. Əlbəttə ki, uğurlarla bərabər məğlubiyyətlər də olur. Amma idmanda hər şey mümkündür. Əsas odur ki, idmançılarımızda qələbə əzmi çox güclüdür və bir daha ölkəmizin ümumi inkişafını əks etdirir. Bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə fəxr edir”.

Dövlət başçımızın bu çıxışı görüş formatında tovsiyə kimi də tarixləşdi. İdmanda da bəzən müx­təlif miqyaslı haqsızlıqlar olur. Onda idmançının buna necə reaksiya verməsi də diqqəti çəkir. İd­mançı təmsil etdiyi dövlətin nüfuzunu da qorumağı bacarmalıdır. Bu amilin nə qədər gərəkli oldu­ğu­nu dövlət başçımız da xatırlatdı: “... idmançılarımızın həm mübarizə meydanında, həm də ondan kənarda özlərini necə ləyaqətli apardıqlarını xüsusi vurğulamaq istərdim. Hakim səhvləri və ya ədalətsizliklər baş verdikdə belə, ləyaqətli davranışı qorumaq həmişə vacibdir. Çünki bəzən qərəzlilik olur - biz bunu Azərbaycan idmançılarına qarşı təkcə güləşdə deyil, xüsusən də Avropa yarışlarında dəfələrlə görmüşük. Maraqlıdır, bir qayda olaraq Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizlik dünya çempionatlarına nisbətən daha çox olur. Yəqin ki, Avropada heç də hamı Azərbay­canın Avropa çempionatlarında iştirak etməsinə və təkcə iştirakına deyil, həm də bütün Avropa ölkə­lərinə qalib gəlməsinə sevinmir. Məhz bu səbəbdən bir daha məmnunluqla qeyd etmək və arzulamaq istərdim ki, harada olmağınızdan asılı olmayaraq, – xalça üzərində və xalçadan kənarda, - layiqli davranış prinsiplərinə daim sadiq qalmağa davam edəcəksiniz...”.

“Medallardan heç də az əhəmiyyətli olmayan odur ki, çempionlar və mükafatçılar, həmçinin cəmiyyətdə və çalışdıqları kollektivlərdə yüksək mənəvi keyfiyyətlər nümayiş etdirsinlər...”, – dövlət başçımızın bu tövsiyəsinin hər bir idmançının karyerasının mənəvi öhdəliyi olacağına hamımız ina­nırıq...

Səbinə Xasayeva,

Milli Məclisin deputatı