01 may 2026 11:59
196

Okamponun fəaliyyəti birbaşa erməni diasporunun siyasi sifarişlərinə söykənir

Son günlər beynəlxalq arenada baş verən proseslər, xüsusilə də bəzi nüfuzlu beynəlxalq təsisatların keçmiş təmsilçilərinin ifşası müasir dünyanın ən ciddi problemini – mənəvi və hüquqi dəyərlər böhranını bütün çılpaqlığı ilə ortaya qoyur. Uzun illər "demokratiya", "insan haqları" və "qanunun aliliyi" kimi ali prinsipləri özlərinə qalxan edənlərin, bu gün şəxsi mənfəət və lobbi maraqlarının əsirinə çevrilməsi təkcə təəssüf deyil, həm də beynəlxalq ədalət sisteminə qarşı bir xəyanətdir.

Beynəlxalq mediada və sosial şəbəkələrdə yayılan, Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okamponun siyasi korrupsiyaya bulaşmasını təsdiq edən videogörüntülər və faktlar, əslində çoxdan bəlli olan bir həqiqəti – bəzi Qərb dairələrinin ikiüzlü simasını nümayiş etdirdi. Okampo illərdir ki, erməni lobbisinin və ANCA (Amerika Erməni Milli Komitəsi) kimi qurumların maliyyə resursları hesabına Azərbaycan əleyhinə qurulan qarayaxma kampaniyalarının "baş memarı" rolunu oynayır. Onun fəaliyyəti hüquq prinsiplərinə deyil, birbaşa erməni diasporunun siyasi sifarişlərinə söykənir. Bu, sadəcə hüquqi cinayət deyil, beynəlxalq ədalət hissinə vurulan ağır zərbədir.

Bütün bu xaricdən idarə olunan təxribatlara, "hesabat" adı altında yayılan saxta sənədlərə və qarayaxma kampaniyalarına rəğmən, Azərbaycan öz prinsipial yolundan bir addım da geri çəkilməmişdir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalan qətnamələrini icra etdi, regionda sülh, əməkdaşlıq və inkişaf üçün tamamilə yeni bir mühit yaratdı, erməni lobbisinin maliyyələşdirdiyi "insan haqları carçıları"nın əsl simasını öz qətiyyəti ilə ifşa etdi.

Təbii ki, regionda sülhün bərqərar olması, sərhədlərin müəyyənləşməsi və qarşıdurmanın sona çatması Okampo kimi "bulanıq su ovçularını" narahat etməyə bilməz. Çünki sülh olan yerdə korrupsiya mexanizmləri, münaqişədən bəhrələnən "lobbi biznesi" iflasa uğrayır.

Lakin hər kəs bilməlidir ki, tarixin çarxını geri döndərmək mümkün deyil. Korrupsiya və rüşvət üzərində qurulan heç bir plan Azərbaycanın suverenliyinə və bölgədə yaratdığı yeni ədalətli nizamına kölgə sala bilməz. Bizim yolumuz haqq yoludur və bu yolda beynəlxalq riyakarlığın hər bir təzahürünə qarşı mübarizəmiz qətiyyətlə davam edəcəkdir.

Ədalət gec-tez yerini tapır, saxta qəhrəmanların maskası isə həmişə düşməyə məhkumdur.

Anar Məmmədov,

Milli Məclisin deputatı