Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda haqq-ədalət mübarizəsində iştirak edən, Kəlbəcər rayonu istiqamətində düşmən təxribatının qarşısını alarkən şəhid olan Vətən övladlarının arasında Səbuhi Fuad oğlu Əhmədovun da adı hər zaman hörmətlə qeyd olunur. Səbuhi Əhmədov 1996-cı il dekabrın 21-də Sumqayıt şəhərində doğulub. Uşaq yaşlarında valideynlərini itirdiyinə görə kiçik qardaşı Sənanla birlikdə Bakı Sos Uşaq kəndində böyüyüb və orta təhsilini də orada alıb. Azərbaycan İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən Qida Sənayesi Kollecini bitirib. 2020-ci ilin əvvəllərində Azərbaycan Ordusu sıralarına daxil olub və gizir rütbəsində xidmətə başlayıb. Həmin ilin sentyabr ayında başlanan Vətən müharibəsində iştirak edib. 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Kəlbəcər rayonu istiqamətində təxribat törədən erməni silahlı birləşmələrinə qarşı aparılan döyüşdə şəhid olub. Bakıda, Hərbi Memorial Məzarlıqda dəfn olunub. Subay idi.
“İki sahil” xəbər verir ki, aprelin 30-da "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyi və "Vətənpərvərlər" Maarifləndirmə ictimai birliyinin birgə təşkilatçılığı ilə Şəhid Səbuhi Əhmədovun xatirəsinə həsr olunan tədbir keçirilib.
Tədbiri "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin sədri Şamil Sabiroğlu açıb.
Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ş.Sabiroğlu şəhid Səbuhi Əhmədovun ömür yolu barədə qısa məlumat verib. Daha sonra videoçarx nümayiş olunub.
Milli Məclisin deputatı Vüqar Rəhimzadə, Milli Məclisin deputatı Ceyhun Məmmədovun köməkçisi Maqsud Əhmədzadə, "Vətənpərvərlər" Maarifləndirmə ictimai birliyinin sədri Aynur İsayeva, Qida Sənayesi Kollecinin direktor müavini Aytən Ağayeva, ictimai xadim Salman Əliyev, yazıçı - publisist Mətanət İmamquliyeva, "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin Qadınlar Şurası sədrinin müavini Aynurə Rüstəmova, AMEA Tarix İnstitutunun elmi işçisi, "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin İdarə Heyətinin üzvü Arzu Musayeva, Azərbaycan İncəsənət Məktəbinin direktoru Gülnar Əzimova, "Azərbaycan bayrağı" ordenli şəhid Feyruz Cəlilovun bacısı Ədilə Mustafayeva, şəhid Səbuhi Əhmədova dərs demiş Ülviyyə Eldarova, şəhid soydaşımızın uşaqlıq dostu Günel Hüseynova, döyüşçü dostu Ceyhun Hacıyev, Siyəzən rayonundakı təhsil ocaqlarından birində Tarix fənnini tədris edən İlahə Absalamova və başqaları çıxış edərək şəhidlərimizin əziz xatirəsinin hər zaman xalqımız tərəfindən uca tutulduğunu qeyd ediblər.
Şairə Lətifə Rəşid şəhidə həsr etdiyi şeiri söyləyib. 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri maraqlı ədəbi-bədii kompozisiya ilə çıxış ediblər. Vətənpərvərlik ruhunda yazılan bəzi mahnıların ifaçısı və bəstəkar Arif Səlimov tədbir iştirakçıları qarşısında çıxış edib.
Şəhidin tələbəlik dostu Pərvanə Babayeva çıxış edərək anım mərasiminin təşkilatçılarına təşəkkür edib.