01 may 2026 22:36
120

Səfir: Xankəndidə aparılan bərpa işləri Ukrayna üçün mühüm nümunədir

Xankəndi şəhərinə səfəri çərçivəsində Qarabağ Universitetini ziyarət etdik. Regionda aparılan genişmiqyaslı bərpa və inkişaf prosesləri göz oxşayır.

“İki sahil” xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlamasında Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev deyib.

Diplomat Xocalı Soyqırımı Memorialı və Xankəndi Zəfər Parkı ilə tanışlıqdan sonra təəssüratlarını bölüşərək Qarabağa və Azərbaycana uğurlar arzulayıb: “Qarabağa və Azərbaycana uğurlar arzulayırıq. Ümid edirik ki, bu region gələcəkdə Avropa ilə Asiyanı birləşdirən nəqliyyat dəhlizlərinin bir hissəsinə çevriləcək”.

Səfir Qarabağda həyata keçirilən layihələrin Ukrayna üçün də əhəmiyyətli təcrübə olduğunu vurğulayıb: “Biz burada, Xankəndidə Qarabağ Universitetini ziyarət etdik. Universitet sürətlə inkişaf edir. Ümumilikdə regionun bərpasını görürük və bu, həqiqətən təsiredicidir. Bu proses Ukrayna üçün də yaxşı nümunədir. Xüsusilə ərazilərimizin azad edilməsindən sonra bərpa və yenidənqurma istiqamətində bu təcrübə bizim üçün vacibdir”.

Səfir, həmçinin Azərbaycan ilə Ukrayna arasında münasibətlərə toxunaraq qeyd edib ki, Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən görüşlər məhsuldar olub:

“Prezidentlərimiz və geniş nümayəndə heyətləri arasında çox səmərəli müzakirələr aparılıb. Ölkələrimiz altı ikitərəfli sənəd imzalayıb. Prezidentlərimiz bizə yeni proqram və layihələrin həyata keçirilməsi ilə bağlı tapşırıqlar veriblər. Bu layihələr enerji, müdafiə sənayesi və təhsil sahələrini əhatə edir. Biz strateji əməkdaşlığımızı daha da dərinləşdirmək niyyətindəyik”.

Yuriy Husyev Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstəyi də xüsusi qeyd edib və bu dəstəyin yüksək qiymətləndirildiyini bildirib.