01 may 2026 20:20
92

“Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” mövzusunda beynəlxalq Gənclər Forumuna yekun vurulub

Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı keçirilən “Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” mövzusunda beynəlxalq Gənclər Forumuna yekun vurulub.

“İki sahil” xəbər verir ki, Forumda ilk dəfə olaraq indiki və keçmiş müstəmləkələri təmsil edən gənc diplomatlar, tədqiqatçılar, beynəlxalq hüquq sahəsində ixtisaslaşmış şəxslər, səhiyyə sahəsi üzrə mütəxəssislər, müstəqillik tərəfdarı olan siyasi partiyaların və təşkilatların nümayəndələri, gənclər təşkilatlarının rəhbərləri və universitet tələbələri iştirak ediblər. Ümumilikdə 17 ölkədən nümayəndələr öz təcrübələrini bölüşüblər. Eyni zamanda, ölkəmizin ali məktəblərində təhsil alan əcnəbi tələbə və tədqiqatçılar Foruma qatılıb.

Forumun ikinci günü açılış mərasimi gənc nümayəndələrin fləşmob çıxışı ilə başlayıb.

Açılış mərasimində çıxış edən Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bildirib ki, Qrup 2023-cü ilin iyul ayında müstəmləkəçiliyin aradan qaldırılmasına həsr olunmuş beynəlxalq konfrans çərçivəsində təsis edilib və fəaliyyətə başladığı dövrdən etibarən bu istiqamətdə ardıcıl və sistemli iş aparır.

O qeyd edib ki, 2023-cü ildən bu günədək Qrup tərəfindən kolonial və neokolonial siyasətlərin nəticələri, dekolonizasiya məsələləri, insan hüquqlarının, yerli xalqların və etnik azlıqların hüquqlarının qorunması kimi mövzulara həsr olunmuş 35-dən çox beynəlxalq tədbir uğurla təşkil olunub.

A.Abbasovun sözlərinə görə, 2024-cü ildən etibarən Bakı Təşəbbüs Qrupu fəaliyyətini beyin mərkəzi kimi davam etdirir. Bu dövrdə üç kitab nəşr olunub, 40-dan çox analitik hesabat hazırlanaraq ictimaiyyətə təqdim edilib. Eyni zamanda, beynəlxalq təşkilatlara və aidiyyəti qurumlara alternativ hesabatlar təqdim olunub. Qrupun fəaliyyəti çərçivəsində hazırda müstəmləkəçilikdən əziyyət çəkən xarici ərazilərlə əməkdaşlıq əlaqələri qurulub. Bununla yanaşı, neokolonial siyasətlərdən zərər görmüş 15-dən çox ölkə ilə əməkdaşlıq genişləndirilib.

Sonra BMT-nin Gənclər Ofisinin nümayəndəsi Adelin Pierrenin qurumun dəstək mesajını əks etdirən videomüraciəti dinlənilib.

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasovun moderatorluğu ilə keçən müzakirələrdə çıxış edən Qabondan olan siyasi elmlər tədqiqatçısı Angelika İvala bildirib ki, Forum iştirakçılar arasında təcrübə mübadiləsi aparmaq, qarşılıqlı öyrənmə imkanları yaratmaq və konkret təşəbbüslərin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Kanadanın “Panth Punjab” layihəsinin sədri Akashdeep Singh Chahai qeyd edib ki, bu platformanın əsas əhəmiyyəti gənclərin yalnız gələcəyin liderləri deyil, eyni zamanda, postkolonial reallıqların formalaşdırılmasında fəal iştirakçılar kimi çıxış etməsindədir. Gənclər artıq müxtəlif regionlarda öz müqəddəratını təyinetmə, ədalət və dekolonizasiya ilə bağlı yeni yanaşmalar irəli sürürlər.

Afrika üzrə İqlim Məsləhətləri Bürosunun Keniyadan olan redaktoru Brian Ngigi isə müstəmləkəçiliyin formal olaraq sona çatmasına baxmayaraq, onun struktur nəticələrinin bu gün də müxtəlif formalarda özünü göstərdiyini diqqətə çatdırıb.

Reunyonda "Ka-Ubuntu" azadlıq hərəkatının həmtəsisçisi və sədri Romain Katambara ölkəsinin hələ də Fransanın müstəmləkəsi altında qaldığını, əsas məqsədlərinin müstəqillik əldə etmək olduğunu vurğulayıb: "Bu, Reunyon xalqı üçün ləyaqət məsələsidir. Mənim ölkəm Reunyon hələ də Fransa tərəfindən siyasi, iqtisadi və mədəni baxımdan idarə olunur və asılı vəziyyətdədir. Məhz buna görə biz "Ka-Ubuntu" hərəkatını yaratdıq. Reunyondan və diaspordan olan gənc qardaş və bacılarımızla birlikdə ölkəmizin müstəqilliyi uğrunda mübarizəyə başladıq. Çünki bizim üçün müstəmləkəçilik xalqımızı içdən yeyən bir xərçəngdir və bunun yeganə müalicəsi müstəqillikdir".

“Global Family Media” şirkətinin əməliyyatlar üzrə direktoru, “Rwanda Gender Media Council” təşkilatının İdarə Heyətinin üzvü, Ruandadan olan Umuhoza Natete Veritenin sözlərinə görə, postkolonial cəmiyyətlərin gələcəyi yalnız keçmişin dəyərləndirilməsindən deyil, həm də bu gələcəyi formalaşdıracaq gənclərin gücləndirilməsindən asılıdır.

Gəncləri bu günün liderləri hesab etdiyini qeyd edən Çadın Xarici İşlər Nazirliyinin nümayəndəsi Abderahman Moussa bildirib ki, postkolonial kontekstdə gənclərin rolunu yenidən düşünmək onların özünə inamını bərpa etməkdən başlamalıdır: "Biz itirilmiş nəsil deyilik, biz formalaşan nəsilik. Qarşımızda çoxsaylı çağırışlar var: iqlim dəyişikliyi, bərabərsizliklər, münaqişələr, rəqəmsal transformasiya. Lakin bu çağırışlar eyni zamanda cəmiyyətlərimizi yenidən formalaşdırmaq üçün imkan da təqdim edir. Əgər biz həqiqətən postkolonial, ədalətli, suveren və dayanıqlı bir gələcək istəyiriksə, gənclərə inanmalı, onlara investisiya qoymalı və onlarla birlikdə irəliləməliyik. Arzuladığımız postkolonial gələcək gənclərsiz qurulmayacaq".

"Paris Nanterre" Universitetində siyasi elmlər üzrə təhsil alan əlcəzairli tələbə Mellina Tenfiçenin sözlərinə görə, kolonizasiya sadəcə ərazilərin işğalı deyil, o, daha dərin və daha travmatik bir prosesdir. Bu, torpaqların, sərvətlərin, həm maddi, həm də insan resurslarının mənimsənilməsi deməkdir. Eyni zamanda, bir xalqın mədəniyyətinin, tarixinin və ləyaqətinin əlindən alınmasıdır. Bu, geri qaytarılması vacib olan torpaqdan daha çətin olan bir itki yaradır.

Kanada Siqh Federasiyasının hüquq müşaviri Pahal Sarvan Sinq siqhlər üçün siyasi təmsilçilik, muxtariyyət, öz müqəddəratını təyinetmə və Xalistan məsələlərinin Pəncabda hələ də aktual olduğunu diqqətə çatdırıb. Bildirilib ki, bunlar abstrakt narahatlıqlar deyil. Onlar tarixə, siqh kimliyinə və yaşanmış təcrübəyə əsaslanır. Siqh xalqına qarşı soyqırımı ya məhkəməsiz qətllər formasında, ya da transmilliləşmiş repressiya şəklində davam edir.

Misirdən gələn iştirakçı İsmael Ehab Mohamed Jaberin sözlərinə görə, bu gün güc yalnız siyasi və ya iqtisadi deyil, həm də media, informasiya və narrativ üzərində qurulub: "Bu sahədə gənclər sadəcə iştirakçı deyillər. Onlar qlobal müzakirələrin formalaşmasında əsas aktorlara çevrilirlər. Məhz buna görə Bakı Təşəbbüs Qrupu kimi təşkilatlar çox önəmlidir. Onlar regionlar arasında ideyaları birləşdirir və dialoqu real təsirə çevirir. Həmçinin qeyd etmək istərdim ki, gənclər media və platformalardan istifadə edərək öz ideyalarını yayır, özlərini inkişaf etdirirlər. Əsas sual gələcəyin necə olacağı deyil, gənclərin onun formalaşmasında hansı rolu oynayacağıdır".

Daha sonra ADA Universitetinin professoru Murat Özkalelinin moderatorluğu ilə interaktiv sessiya keçirilib. Sessiya zamanı süni intellektin inkişafının beynəlxalq münasibətlər və qlobal təhlükəsizlik sahələrinə təsiri, BMT-nin dayanıqlı inkişaf məqsədləri barədə müzakirələr aparılıb.

Sonra ötən gün keçirilən debat müsabiqəsinin qaliblərinə sertifikatların təqdim edilməsi mərasimi olub.

Forumun sonunda Qlobal Cənub Gənclər Platformasının yaradılması haqqında qərar qəbul edilib.