14 may 2026 22:01
115

Türkiyə və Qazaxıstan müdafiə-sənaye kompleksi sahəsində əməkdaşlığı dərinləşdirməyə hazırdır

Türkiyə və Qazaxıstan müdafiə-sənaye kompleksi sahəsində, o cümlədən birgə istehsalın qurulmasını nəzərdə tutan yeni layihələrin həyata keçirilməsi ilə bağlı siyasi iradəni təsdiqləyiblər. İki ölkə arasında bu istiqamətdə fəal əməkdaşlıq uzun müddətdir davam edir.

“İki sahil” xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada keçirilən Türkiyə-Qazaxıstan biznes-forumunda səsləndirib.

O, Qazaxıstanı Mərkəzi Asiyanın ən güclü iqtisadiyyatına malik ölkəsi adlandırıb. “Ötən ilin yekunlarına görə, Qazaxıstanın xarici ticarət dövriyyəsi 145 milyard dollara çatıb, ÜDM artımı heyrətamiz 6,5 faiz təşkil edib, adambaşına düşən gəlir isə 15 min dollara yaxınlaşıb. Astana Ankara ilə ticarət tərəfdaşları arasında Türk dünyasında birinci yerə yüksəlib”, – deyə Türkiyə Prezidenti bildirib.

Onun sözlərinə görə, Qazaxıstan iqtisadiyyatının müxtəlif sektorlarına ümumilikdə 6 milyard dollar sərmayə yatırmış 5,5 minədək Türkiyə şirkəti təkcə bu ölkənin rifahına deyil, həm də Ankara ilə Astana arasında qardaşlıq münasibətlərinə töhfə verir.