«AzərGold» QSC-nin məhsulları birinci olub
Ölkəmizin son illərdəki iqtisadi uğurlarının əsas göstəricisi qeyri- neft sektoru sahəsində ixracın yüksəlməsidir. Bu tendensiya 2026-cı ilin ilk rübündə də özünü təsdiqləyib. Belə ki, cari ilin yanvar–mart aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,7 faiz artaraq 862 milyon ABŞ dolları təşkil edib. Bu dövrdə yeyinti məhsulları üzrə ixrac 25,1 faiz artaraq 281 milyon ABŞ dollarına bərabər olub. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi bildirib.
Birinci rübdə aqrar məhsullar üzrə ixrac 26,6 faiz artaraq 215,6 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac 27,4 faiz artaraq 88 milyon ABŞ dolları təşkil edib. Bütövlükdə, aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 26,8 faiz artaraq 303,7 milyon ABŞ dollarına bərabər olub. Siyahıda meşə fındığı (68,3 milyon ABŞ dolları) ikinci, mis filizləri (60,8 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
Üç ayda Rusiya Federasiyasına 211.6 milyon ABŞ dolları, Türkiyəyə 139,9 milyon ABŞ dolları, Gürcüstana 120,7 milyon ABŞ dolları, İsveçrəyə 103,4 milyon ABŞ dolları, Ukraynaya isə 42,7 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl birinci olub Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə əsas ixracatçı dövlət şirkətlərindən biri olan «AzərGold» QSC 2026-cı ilin birinci rübündə beynəlxalq və yerli bazarlarda 12 min 284 unsiya qızıl və 22 min 53 unsiya gümüş satıb. Qurum bununla ölkə iqtisadiyyatına 102,4 milyon manat vəsait cəlb edib.
Hesabat dövründə əldə edilən gəlirlərin 91,1 milyon manatdan çoxu ixrac əməliyyatlarının, 11,3 milyon manatdan çox hissəsi isə yerli bazarda pərakəndə satışın payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac gəlirləri (72,5 milyon manat) 26 faiz, pərakəndə satış gəlirləri isə (5,6 milyon manat) 102 faiz artıb. Beləliklə, dövlət şirkəti fəaliyyət dövrü ərzində, ümumilikdə, 572,3 min unsiya qızıl və 1,1 milyon unsiya gümüş satışını həyata keçirərək ölkə iqtisadiyyatına 2 milyard 40 milyon manat vəsait cəlb edib.
Ümumilikdə isə, «AzərGold» QSC bütün fəaliyyəti ərzində dövlət büdcəsinə 281 milyon manat vəsait ödəyib. Bunun 242 milyon manatı vergi, 39 milyon manatı isə sosial ödənişlərin payına düşüb. Eyni zamanda, Azərbaycanın milli dağ-mədən şirkəti 2025-ci il üzrə dolayı vergilər (ƏDV, aksiz) istisna olmaqla hesablaması ən çox olan 100 vergi ödəyicisi arasında 20-ci yerdə qərarlaşıb.
«AzərGold» QSC əhəmiyyətli vergi ödənişləri ilə yanaşı, fəaliyyət göstərdiyi regionda məşğulluğun genişləndirilməsinə də mühüm töhfələr verib. Bu ilin birinci rübündə şirkət və onun törəmə müəssisələrində çalışan əməkdaşların sayı 1152 nəfərə çatıb. Hazırda dövlət şirkətinin fəaliyyəti nəticəsində Gəncə–Daşkəsən iqtisadi rayonunda podratçı təşkilatlar da daxil olmaqla 2595 nəfər daimi işlə təmin edilib.
Bir sözlə, milli dağ-mədən şirkəti olan «AzərGold» QSC cari ilin birinci rübündə əldə etdiyi maliyyə göstəriciləri, ixrac və satış həcmlərində müşahidə olunan artım, dövlət büdcəsinə ödənişlər, məşğulluğun genişləndirilməsi, eləcə də yerli icmalara yönəlmiş təşəbbüslərin icrası istiqamətindəki fəaliyyəti ilə ölkəmizin sosial-iqtisadi inkişafına töhfə verməyə davam edir.
Elçin Zaman, «İki sahil»
Heydər Əliyev Beynəlxalq Aeroportu WUF13 dövründə gücləndirilmiş əməliyyat rejimində fəaliyyət göstərəcək
Avtonəqliyyat vasitələrinin satışı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin nümayəndələri ilə görüş keçirilib