18 may 2026 17:06
132

Sülh, həmrəylik və dayanıqlı inkişaf

Bu günlərdə dünyanın diqqəti yenidən Bakıya yönəlib və Azərbaycanda növbəti tarixi hadisə yaşanır. Ölkəmiz BMT miqyasında ikinci ən böyük tədbir olan XIII Ümumdünya Şəhərsalma Forumuna (WUF13) evsahibliyi edir. 17-22 may tarixlərində Bakıda keçiriləcək forumda müxtəlif ölkələrdən ümumilikdə 32 mindən çox iştirakçının qatılması gözlənilir. 

 WUF13 üçün 180-dən çox ölkə qeydiyyatdan keçib. Tədbir çərçivəsində təşkil olunacaq pavilyonlarda 41 ölkə iştirak edəcək. 2001-ci ildə təsis edilən Ümumdünya Şəhərsalma Forumu BMT-nin qanunvericilik səlahiyyəti olmayan ən böyük qlobal tədbiridir. Forum bilik və təcrübə mübadiləsi baxımından güclü platforma rolunu oynayır və hər kəs üçün açıqdır. COP29-un tarixi uğurlarından dərhal sonra şəhərsalma üzrə dünyanın bu ikinci ən böyük platformasının Bakıda keçirilməsi, Azərbaycanın qlobal liderlik missiyasının və etibarlı tərəfdaş imicinin növbəti zirvəsidir.

Prezident İlham Əliyev XIII Ümumdünya Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsini yüksək qiymətləndirib və  bu uğuru Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçılarına ünvanladığı müraciətində belə vurğulayıb: "2026-cı ildə dünyanın şəhərsalma sahəsində ən nüfuzlu tədbirlərindən olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakı şəhərində keçirilməsi qərarı Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfənin və etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın göstəricisidir".

Dövlətimizin başçısı qeyd edib ki, bu mötəbər tədbir Azərbaycanın ümumdünya urbanizasiya proseslərində rolunu daha da gücləndirəcək, regionun dayanıqlı inkişafına və ümumilikdə qlobal urbanizasiya məqsədlərinə mühüm töhfə verəcək.

Qlobal urbanizasiya proseslərinin sürətləndiyi müasir dövrdə şəhərlərin dayanıqlı inkişafı, yeni şəhərsalma modelləri, iqlim dəyişikliyinin şəhər mühitinə təsiri və sosial inklüzivlik kimi mövzular beynəlxalq gündəliyin prioritetlərinə çevrilib. Bu kontekstdə dünyanın ən mötəbər platformalarından sayılan Ümumdünya Şəhərsalma Forumuna Bakının evsahibliyi etməsi Azərbaycanın beynəlxalq nüfuzunun və qlobal proseslərdə artan rolunun bariz göstəricisidir. 

 Ümumiyyətlə, Azərbaycanın evsahibliyi etdiyi qlobal forumlar ölkəmizin beynəlxalq münasibətlər sistemindəki yerini daha da möhkəmləndirir.Hər mötəbər tədbir Azərbaycanın nüfuzunu bir pillə yüksəyə daşıyır.

Belə mühüm tədbirlər Azərbaycan üçün həm də strateji təbliğat vasitəsidir. Minlərlə xarici nümayəndənin, dövlət başçılarının və dünya mediasının Bakıya toplaşması Azərbaycanın bölgədə yaratdığı yeni reallıqların beynəlxalq səviyyədə qəbul edilməsini sürətləndirir, ölkəmizin beynəlxalq arenada manevr imkanlarını genişləndirir. 

Ümumdünya Şəhərsalma Forumu da Azərbaycan üçün həm qlobal həmrəyliyin gücləndirilməsi, həm də ölkənin beynəlxalq reytinqlərdəki yerinin möhkəmlənməsi baxımından əvəzsizdir. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər Azərbaycanın inkişaf strategiyasının güzgüsüdür. WUF13-ün timsalında isə dünyanın yeni şəhərsalma fəlsəfəsi Bakıda formalaşacaq. Bakı bəşəriyyətin gələcək taleyinin, dayanıqlı yaşayış mühitinin və qlobal urbanizasiya siyasətinin formalaşdığı mühüm siyasi paytaxtlardan biri olduğunu bütün dünyaya göstərəcək. Azərbaycan özünün yüksək təşkilatçılıq imkanlarını və bəşəri dəyərlərə sadiqliyini nümayiş etdirməklə yanaşı, regional sabitliyin və qlobal inkişafın mərkəzi olduğunu bir daha təsdiqləyəcək. Forum çərçivəsində qurulacaq siyasi əlaqələr, formalaşacaq tərəfdaşlıqlar uzunmüddətli perspektivdə Azərbaycanın xarici siyasət kursunun uğurlu davamını şərtləndirəcək. Bakıdan dünyaya yayılacaq yeni ideyalar, qəbul ediləcək qərarlar və qurulacaq tərəfdaşlıqlar bəşəriyyətin ortaq gələcəyinin dizayn edilməsində Azərbaycanın silinməz imzasını qoyacaq. Ölkəmiz hər bir tədbirdə həm öz mədəniyyətini, həm də yüksək təşkilatçılıq qabiliyyətini nümayiş etdirərək dünyanı sülh, həmrəylik və dayanıqlı inkişaf ətrafında birləşdirməyə davam edəcək.

Uğurlar Azərbaycan!

Seyfəddin Əliyev,

YAP Masallı rayon təşkilatının sədri