Tailandda vəhşi yarasalarda yeni koronavirus ştamı aşkarlanıb.
“İki sahil” xəbər verir ki, ölkənin milli epidemioloji monitorinq sistemi tərəfindən aparılan araşdırmalar zamanı yarasa populyasiyalarında yeni koronavirus variantı müəyyən edilib.
Tədqiqat nəticələri Tailandın rəsmi səhiyyə qurumları tərəfindən təsdiqlənərək ictimaiyyətə açıqlanıb.
Rəsmilər bildiriblər ki, hazırda vəziyyət tam nəzarət altındadır və virusun insanlara keçməsi ilə bağlı heç bir hal qeydə alınmayıb. Mütəxəssislərin qiymətləndirməsinə əsasən, infeksiyanın insanlar arasında yayılma riski aşağı səviyyədədir.
Qeyd olunub ki, virusun vaxtında aşkarlanması Vahid Sağlamlıq adlı beynəlxalq monitorinq sistemi sayəsində mümkün olub. Bu sistem ətraf mühit, heyvan sağlamlığı və insan təhlükəsizliyi arasındakı əlaqəni birlikdə analiz edir.
İlkin araşdırmalar göstərir ki, yeni aşkarlanan ştam COVID-19 ilə müqayisədə daha az təhlükəlidir. Alimlərin fikrincə, virusun yayılma sürəti və ağır xəstəlik yaratma ehtimalı xeyli zəifdir.
Səhiyyə qurumları əlavə ediblər ki, mövcud COVID-19 peyvəndləri oxşar koronaviruslara yoluxma zamanı xəstəliyin ağır keçməsinin qarşısını almaqda effektiv ola bilər.