ABŞ ilə dialoq kapitulyasiya demək deyil.
“İki sahil” xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkə hesabında yazıb.
"İran İslam Respublikası dialoqa ləyaqətlə, nüfuzla və millətin hüquqlarını qoruyaraq daxil olur və heç bir halda öz xalqının, ölkəsinin qanuni hüquqlarından geri çəkilməyəcək", - o bildirib.
Pezeşkianın sözlərinə görə, hökumət xalqa xidmət edəcək: "Biz var gücümüzlə, son nəfəsimizə qədər xalqa xidmət edəcəyik və İranın maraqlarını qoruyacağıq".
Qeyd edək ki, son günlər xarici mediada ABŞ-nin İsraillə birgə İrana hücumları bərpa edəcəyi ilə bağlı məlumatlar dolaşır. Son belə xəbər "Axios"da yayılıb və səbəb kimi, İranın sülh təklifinin Ağ Ev tərəfindən məqbul sayılmaması göstərilib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.
İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.
Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.
ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının blokadasını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.
گفتوگو به معنای تسلیم نیست. جمهوری اسلامی ایران با عزت، اقتدار و حفظ حقوق ملت وارد گفتوگو میشود و به هیچ عنوان از حقوق قانونی مردم و کشور عقبنشینی نمیکند. ما با منطق و با تمام توان، تا پای جان، در خدمت مردم و حافظ منافع و عزت ایران خواهیم بود.
— Masoud Pezeshkian (@drpezeshkian) May 18, 2026