ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi doqquz kubalı fiziki şəxsə və Kuba Kəşfiyyat İdarəsinə qarşı sanksiyalar tətbiq edib.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat paylaşılıb.
Məlumata görə, sanksiya siyahısına Kuba Dövlət Şurasının sədri Xuan Laso, əks-kəşfiyyatın rəhbəri Xose Miqel Qomes del Valyin, ədliyyə naziri Rosabel Qamon Verde, energetika naziri Visente de la O Levi, rabitə naziri Marin Areviç, eləcə də bir neçə Kuba hərbi komandanı daxil edilib.
Xatırladaq ki, mayın 17-də Kuba hakimiyyəti ABŞ-nin mümkün müdaxiləsi səbəbindən ölkənin müdafiəsini gücləndirməyə başlayıb. Bundan əvvəl Kubanın xarici işlər naziri Bruno Rodriges bildirib ki, ABŞ-nin Kubaya qarşı hərəkətləri humanitar fəlakətə səbəb olacaq. Nazirin fikrincə, ABŞ-nin "təhlükə yaratmayan kiçik adaya" hücum etməsi üçün heç bir əsası yoxdur.