30 may 2026 13:49
106

Ombudsmanların beynəlxalq konfransında Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində görülən işlərdən danışılıb

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva İtaliyada “Vətəndaş müdafiəsi, hüquqlar və demokratik innovasiya” mövzusunda Ombudsmanların Beynəlxalq Konfransında iştirak edib.

Ombudsman Aparatından “İki sahil”ə verilən məlumata görə, müvəkkil tədbir çərçivəsində "Dünyada Ombudsmanlığın Gələcəyi" mövzusunda keçirilmiş sessiyada çıxışı zamanı texnoloji inkişaf və rəqəmsallaşma prosesinin insan hüquq və azadlıqlarının müdafiəsi, şəxsi məlumatların qorunması və rəqəmsal bərabərlik sahəsində yeni çağırışlar formalaşdırdığını bildirib.

Səbinə Əliyeva ombudsman və milli İnsan hüquqları təsisatlarının dövlətlə vətəndaş arasında hüquqi dialoqu təmin edən və insan hüquqlarının effektiv müdafiəsinə xidmət edən mühüm demokratik mexanizmlər olduğunu vurğulayıb.

Müvəkkil insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi fəaliyyəti barədə məlumat verib, Azərbaycanın Ombudsman təsisatının, həmçinin milli preventiv və müstəqil monitorinq mexanizmi funksiyalarını həyata keçirdiyini, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təşəbbüslərlə çıxış etdiyini və maarifləndirmə tədbirləri həyata keçirdiyini diqqətə çatdırıb.

Səbinə Əliyeva rəqəmsal texnologiyaların tətbiqinin insan hüquqlarının müdafiəsində mühüm rol oynadığını qeyd edib, “916” Çağrı Mərkəzinin, rəsmi internet səhifəsinin və sosial media platformalarının vətəndaşlar üçün daha əlçatan və operativ müraciət mexanizmlərinin formalaşdırılmasına şərait yaratdığını qeyd edib.

O, dezinformasiya, informasiya manipulyasiyası və kibertəhdidlərin insan hüquqlarının müdafiəsi sahəsində yeni risklər yaratdığını diqqətə çatdırıb. Ombudsman institutları arasında beynəlxalq əməkdaşlığın, təcrübə və informasiya mübadiləsinin, birgə təşəbbüslərin və beynəlxalq həmrəyliyin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.