01 iyun 2026 13:06
82

Rusiyada Mərkəzi Asiyadan olan 8 şəxsin vətəndaşlığı ləğv edilib

Rusiya Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidməti milli təhlükəsizliyə təhdid yarandığı səbəbilə Mərkəzi Asiya mənşəli səkkiz şəxsin Rusiya vətəndaşlığını ləğv edib.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu  barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimai Əlaqələr Mərkəzi məlumat yayıb. Qərar Rusiya qanunvericiliyinin “Vətəndaşlıq haqqında” qanunun müvafiq bəndinə əsasən qəbul edilib.

Vətəndaşlıqdan məhrum edilən şəxslər müxtəlif regionlarda yaşayıblar və onlara qarşı fərqli ittihamlar irəli sürülüb. Tver vilayətində yaşayan bir şəxs saxta qeydiyyat halları ilə bağlı dəfələrlə cinayət məsuliyyətinə cəlb olunub. Onun həmçinin “Krokus Siti Holl” terror aktının icraçılarına yardım edən şübhəliyə Rusiya ərazisində qalmaq üçün şərait yaratdığı bildirilir.

Tula vilayətindən olan başqa bir şəxs qanunsuz silah saxlamaqda təqsirli bilinib və 1 il 6 ay azadlıqdan məhrumetmə cəzası alıb. Buryatiya Respublikasından olan bir nəfər yerli əhaliyə qarşı millətçi ideyalar yaymaqda ittiham olunub. Altay Respublikasında yaşayan başqa bir şəxs isə qəsdən yüngül bədən xəsarəti yetirmə və döymə halları ilə əlaqədar dəfələrlə məsuliyyətə cəlb edilib. Tümen vilayətində yaşayan üç nəfərin anti-Rusiya çağırışları yaydığı, etnik əsaslı qruplaşmalar yaratmağa və millətlərarası qarşıdurmalara cəlb etməyə çalışdığı bildirilib.

Arxangelsk vilayətindən olan daha bir şəxs isə millətlərarası və dini münasibətlərdə gərginlik yaratmaqda, eləcə də xarici ölkələrdən gələn şəxslər arasında Rusiya ordusunda xidmətə qarşı mənfi münasibət formalaşdırmaqda ittiham olunub.

Rusiya təhlükəsizlik orqanları bu addımların ölkənin milli təhlükəsizliyini qorumaq və ictimai sabitliyi təmin etmək məqsədi daşıdığını bildirib.