01 iyun 2026 21:35
84

BMT Azərbaycan üçün enerji keçidi üzrə yol xəritəsini işə salıb

Bakı Enerji Həftəsində Azərbaycan üçün 7-ci Dayanıqlı İnkişaf Məqsədi üzrə yol xəritəsinin rəsmi olaraq işə salınması baş tutub.

“İki sahil” xəbər verir ki, BMT Baş katibinin müavini və Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyanın İcraçı katibi Armida Salsiah Alisjahbananın Bakı Enerji Həftəsinə videomüraciətində qeyd etdiyi kimi, bu sənəd enerji səmərəliliyinin artırılması, elektromobilliyin təşviqi və Azərbaycanın "yaşıl enerji" üzrə regional hab kimi rolunun gücləndirilməsi kimi əsas istiqamətləri əhatə edir.

"Mərkəzi Asiya bərpa olunan enerji, o cümlədən günəş, külək və hidroenergetika üzrə əhəmiyyətli resurslara malikdir, həmçinin əsas enerji bazarlarının kəsişməsində strateji coğrafi mövqe tutur", - o bildirib və əlavə edib ki, regionda enerji transformasiyasını sürətləndirmək üçün bərpa olunan enerji mənbələri layihələrinə qoyulan investisiyaların (vəsaitlərin) həcmini artırmaq, elektrik şəbəkəsi infrastrukturunun modernləşdirilməsini həyata keçirmək, özəl kapitalın cəlb edilməsi üçün əlverişli mühit formalaşdırmaq və transsərhəd elektrik enerjisi mübadiləsini genişləndirmək lazımdır.

"Bu kontekstdə Azərbaycan "yaşıl energetika" üzrə regional mərkəz kimi öz mövqelərini gücləndirir", - S. Alisjahbana vurğulayıb.