01 iyun 2026 20:20
103

Azərbaycan–Misir enerji tərəfdaşlığı yeni mərhələyə yüksəlir

“Bakı Enerji Forumu” çərçivəsində energetika naziri Pərviz Şahbazovla Misirin neft və mineral ehtiyatlar naziri Karim Badavi arasında görüş keçirilib.

Energetika Nazirliyindən “İki sahil”ə bildirilib ki, görüşdə iki ölkə arasında münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin və əldə olunmuş razılaşmaların əhəmiyyəti vurğulanıb.

Azərbaycanın son illərdə Misirlə enerji əməkdaşlığının yeni mərhələyə yüksəldiyi qeyd olunub. Bu kontekstdə iki ölkənin müvafiq nazirlikləri arasında imzalanmış elektrik və bərpaolunan enerji sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, eləcə də bu ilin martında SOCAR və EGPC arasında neft, neft məhsulları və LNG ticarəti, habelə hasilat, kəşfiyyat, emal və insan kapitalının inkişafı sahələrini əhatə edən Çərçivə Sazişinin əhəmiyyətindən bəhs edilib. Bildirilib ki, 2023-cü ildən indiyə qədər “SOCAR Trading” Misir istiqamətinə 1,3 milyon tondan çox LNG təchiz edib.

Görüşdə, həmçinin elektrik enerjisi və bərpaolunan enerji sahələrində əməkdaşlıq çərçivəsində 200 MVt gücündə Günəş elektrik stansiyası layihəsi üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Söhbət zamanı İnkişaf etməkdə olan Səkkiz Ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatı (D-8) çərçivəsində əməkdaşlıq barədə də fikir mübadiləsi aparılıb.